“İnsanlar elə başa düşürlər ki, bir partiya yaradıblarsa, deməli həmin partiya bu insanların şəxsi bostanıdır...” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Heç kim ona baxa, girə və ya söz deyə bilməz”

"Necə ola bilər ki, biz YAP-ın hər bir addımını tənqid edə bilərik, ancaq hər hansı müxalifət partiyasının hansısa hərəkətinə münasibət bildirə bilmərik"

Azərbaycan Demokrat Partiyası ilə Müsavat Partiyası arasında müntəzəm olaraq yaranan fikir ayrılığı və qarşılıqlı ittihamlar özünün yeni bir mərhələsinə qədəm qoyub. Xüsusilə, ADP sədri Sərdar Cəlaloğlunun İctimai Palatanın kütləvi aksiyalar qərarını kəskin tənqid etməsi qarşı tərəfdən demokratlara qarşı olan hücumları artırıb. Müsavat Partiyasının ayrı-ayrı funksionerləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu müxalifətin mübarizəsinə zərbə vurmaqda günahlandırıblar. "OLAYLAR"-a verdiyi müsahibədə isə ADP sədri Sərdar Cəlaloğlu müsavatçıların yanaşmasının kökündən yalnış olduğunu söyləyib. Sərdar Cəlaloğlu hazırda müxalifət daxilində cərəyan edən proseslər, eləcə də rəhbərlik etdiyi partiyanın 2013-cü ilin prezient seçkiləri ilə bağlı mövqeyinə də aydınlıq gətirib. 

-Sərdar bəy, ilin sonuna az bir müddət qalsa da, hələ də Azərbaycan Demokrat Partiyası prezident seçkilərində hansı formada iştirak edəcəyini müəyyənləşdirməyib. Bu nə ilə bağlıdır?

-Ümumiyyətlə, hələlik Azərbaycanda seçki keçirilib-keçirilməyəcəyi müəyyən deyil. Düzdür, deyirik ki, qrafikə uyğun olaraq seçkilər keçiriləcək. Ancaq heç kim qəti şəkildə deyə bilməz ki, seçkilər keçiriləcək. Qanunvericiliyə görə, müharibə, təbii fəlakət olsa seçki keçirilməyəcək. Həmçinin başqa səbəblərdən seçkilər təxirə salına bilər. Yəni bu bizdən asılı deyil. Cəmiyyət o dərəcədə seçkiyə bağlanmalıdır ki, bütün qərarlar seçki ilə bağlı verilsin. Hələlik seçkilərə 9-10 ay qalıb. Azərbaycan müxalifətində də müəyyən fikirlər mövcuddur. Dünənə qədər seçkilərdə namizəd kimi iştirak edəcəyini deyənlər bu gün seçkidə iştirak etməyəcəyini bildirir. Yaxud ola bilsin ki, yeni namizədlər meydana çıxsın. Biz partiya olaraq milli maraqları nəzərə alaraq seçkilərlə bağlı taktikamızı müəyyən etmək istəyirik. Ona görə də nə qədər ki, aydınlıq yoxdur gözləyirik. Ancaq birmənalı şəkildə seçkilər olacaqsa həmin seçkilərdə mütləq iştirak edəcəyik. Söhbət onun formasından gedir. Bu mənada biz seçkilərlə bağlı qərarsız deyilik. Azərbaycanda prezident seçkiləri olacaqsa biz həmin seçkilərdə iştirak edəcəyik

-Mümkündür Azərbaycan Demokrat Partiyasının seçkilərdə öz namizədi olsun?

-Hər şey mümkündür, nəyə görə mümkün olmasın. Hər şey şərtlərdən asılıdır. Əgər biz görsək ki, müxalifət bütünlükdə bir komanda olaraq seçkilərə getmir və partiyaların seçkilərdə iştirakı yalnız qrup maraqlarına xidmət edir onda biz də öz qrup maraqlarımızı müdafiə edəcəyik. Hansısa ümummilli, ümummüxalifət maraqlarından söhbət getməyən bir yerdə təbii ki, yalnız qrup maraqlarından söhbət gedə bilər. Ümid edirəm ki, məsələ bu  səviyyəyə çıxmayacaq və hansısa bir şəkildə seçkilərə birgə getməyə nail olacağıq.

-Hazırda ilkin görüntülər nədən ibarətdir?

-Hazırda müxalifət yalnış bir yolda gedir. Buna bir sıra misal da göstərmək mümkündür. İctimai Palata bir həftə əvvəl mitinqlə bağlı qərar qəbul etmişdi, ancaq sonradan onu təxirə saldı. Özünü Azərbaycanda ən böyük siyasi blok elan edən qrum əgər bir həftəni öncə görə bilmirsə ki, onda həmin blokun 6 ay, 1 ildən sonra hansısa qərar verə biləcəyini görmək mümkündürmü? Qətiyyən yox. Bu baxımdan vəziyyət belədir. Yəni bir gündən irəlini belə görə bilmirlər. Bu səbəbdən də qeyri-müəyyənlik var.

-Mütəmadi olaraq Müsavatla Azərbaycan Demokrat Partiyası arasında problemlərin meydana çıxmasının başlıca səbəbi nədir? Nəyə görə, Müsavat funksionerləri yalnız ADP-ni hədəf alırlar?

-Azərbaycanda belə bir fikir formalaşıb ki, hər bir partiyanın daxili işini  o partiyanın özü bilər. 1939-cu ildə Almaniyada Adolf Hitlerin öz daxili işi hesab etdikləri proses bütün dünyanı fəlakətə sürüklədi və 50 milyon insan qurban getdi. Sonradan bütün dünya Hitlerin partiyasının daxili işinə qarışdı, nasionalizm olmadı. Necə ola bilər ki, biz Yeni Azərbaycan Partiyasının hər bir addımını tənqid edə, onun hər bir işinə qarışa, münasibət bildirə bilərik, ancaq hər hansı müxalifət partiyasının hansısa hərəkətinə münasibət bildirə bilmərik. Türkiyədə Cümhuriyyət Xalq Partiyası ilə Milliyətçi Hərəkat Partiyası siyasi məsələlərdə neçə dəfə üz-üzə gəlib? Azərbaycanda isə deyirlər ki, biz müxalifət partiyasıyıq, səhv, xəyanət edirik, sən bu barədə danışma. Məqsəd yalnız iqtidarı söymək olar. Bu yalnış bir mövqedir. Demokratiyanın təhlükəsi yalnız iqtidarda deyil, müxalifətin özünün yalnış yolda olmasından da gələ bilər. Bəzi ölkələrdə müxalifət özü fəlakətə gətirib çıxarib. Hitler vaxtı ilə müxalifət partiyasının lideri olub. Seçkilərdə qalib gələndən sonra hakim partiyaya çevrildi və qısa bir müddət ərzində bütün Almaniyanı məlum vəziyyətə gətirib çıxardı. Bu baxımdan demokratiya tələb edir ki, heç bir qrupun daxili işi anlayışı olmasın. Mən görürəmsə ki, həmin partiyanın içərisində yalnış tendensiya gedir və bizə təhlükə törədə bilər, cəmiyyətə ziyan vuracaq, məcburam o barədə fikir bildirəm. Onlar da eyni ilə ADP-də hansı proses gedir deməlidirlər. Əgər demirlərsə, deməli bu da demokratiyaya xəyanətdir. Azərbaycanda demokratik düşüncə səthidir. İnsanlar elə başa düşürlər ki, bir partiya yaradıblarsa, deməli həmin partiya bu insanların şəxsi bostanıdır, heç kim ona baxa, girə və ya söz deyə bilməz. Bu tamamilə yalnış fikirdir. Kimlərsə ki, cəmiyyət həyatı ilə bağlı fikrə, ideyaya malikdir, ölkədəki ictimai-siyasi hadisələrə təsir etməyə cəhd göstərir, onların hər bir addımı digər bütün qüvvələr tərəfindən dəyərləndirilməlidir. Bu daxili işlərə qarışmaq deyil. Bəli digər siyasi partiyalar bunu etmir. Çünki bunun müxalifətdaxili çəkişmə olması ilə əlaqədar yalnış fikir formalaşıb. Biz rəqabəti, mübarizəni çəkişmə, intriqa kimi dəyərləndirəndə, mübarizənin də mahiyyəti olmur. Guya müxalifət partiyaları arasında heç bir ziddiyət, fikir ayrılığı olmamalıdır. Əgər bizimlə Müsavat arasında bütün məsələlərdə üst-üstə düşmə varsa, onda nə üçün ayrı-ayrı partiya kimi fəaliyyət göstəririk. Deməli, bizim fərqli baxışlarımız var.  13 oktyabr mitinqi ilə bağlı demişdik ki, bu yalnış bir qərardır. Çünki bunun üçün heç bir ictimai sifariş yoxdur. Mitinqlə növbədənkənar parlament çağırmaq mümkün deyil. Gələn ilin sonunda prezident seçkiləri keçiriləcək, bunlar deyirlər ki, gəlin növbədənkənar parlament seçkilərinin keçirilməsini gündəmə gətirək. Faktiki olaraq məqsəd cəmiyyətin diqqətini yayındırmaq, gündəmdən uzaqlaşdırmaqdır, müxalifətin mübarizəyə hazırlaşmasının qarşısını almaqdan başqa bir şey deyil. Bu nə deməkdir? Bir həftə əvvəl mitinq haqqında qərar qəbul edirsiniz, sonradan isə onu təxirə salırsınız. Bununla vətəndaşların mitinqə olan münasibəti getdikcə itir. Onsuz da bizdə mitinqə həvəs yoxdur. İnsanlar bu prosesdə iştirak etmək istəmir. Bu kimi oyunlar isə.insanları mitinqlərdən, öz haqqı uğrunda mübarizədən daha da uzaqlaşdırır. Mən bunu tənqid etməyim neyləyim? Biz əvvəlcədən demişdik ki, mitinq qərarı yalnışdır. Çünki mitinq qərarı üçün heç bir səbəb yoxdur. Növbədənkənar parlament seçkiləri üçün nə beynəlxalq, nə də daxili şərtlər var. Əgər şərtlər yoxdursa, bu addımı atmağa nə ehtiyac var. Məgər arzular zamanıdır? Bu gün parlamentin buraxılması üçün heç bir şərt yoxdur. Bunlar hamısı gülünc bir şeydir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31