“ Şişmanlaşırlar, sonra başlayırlar “dieta”ya...”

Hadi Rəcəbli: “A bala, yemə, dieta da etmə...”

Müsahibimiz Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi  Rəcəblidir
-Hadi müəllim, siz hər zaman mətbuatda çıxışlarınızda insanların yemək mədəniyyəti məsələsini xüsusi qabardırsınız, o cümlədən, televiziya kanallarında bu səpgidə nümayiş etdirilən verilişlərdə daha həssas və ehtiyatlı davranmalarını vacibliyini vurğulayırsınız. Artıq məsələyə  ölkə prezidenti də münasibətini bildirib. Hazırda bu cahədəki vəziyyəti necə dəyərləndirirsiniz?

- Bu gün bizdə yemək mədəniyyəti  təkmilləşməlidir. Bunun üçün uzağa getmək lazım deyil. Prezidentimiz bununla bağlı gözəl fikirlər səsləndirdi. O fikirlər  milli-mənəvi dəyərlərimizdən  qidalanan məsələlərdir.  Bunların heç biri göydən düşən məsələlər deyil. Prezidentimiz milli-mənəvi dəyərlərimizdən çıxış edərək, məhz bu fikirləri söyləyib.  Baxın, görün bizim qədimdə nə qədər gözəl  yemək mədəniyyətimiz olub.  Piti bişiriblər, əti də olub, noxudu da olub, bir dənə yemək olub. Ya nə bilim küftə-bozbaş bişiriblər, hər şey qaydasında olub. Evlərimizdə yadımıza salırıq, vaxtilə necə gözəl yeməklər hazırlanıb, süfrəyə qoyulub.   Ancaq  bu gün  eybəcər, yağı həddindən çox, insanları kökəldən, şişman edən yeməklər hazırlanılır, yeyilir.  Mən bunu dəfələrlə demişdim ki,  şişman adamlar  ətli yemək  yeməsinlər, yağlı xörək yeməsinlər,  lakin  bunu bəziləri biz az bəzədilər.  Əslində isə  yemək mədəniyyəti istehlak mədəniyyətinin ən böyük bir qoludur. Prezidentimiz çox maraqlı və düzgün bir məsələyə toxundu və bu da çox önəmlidir.  Düşünürəm ki, bundan sonra bizim gənclərin yetişməsində, ailələrdə, evlərdə bu yemək mədəniyyətini bir qədər təbliğ etsinlər. Görün, nə olur, şişmanlaşırlar, sonra başlayırlar dieta etməyə. A bala, yemə, dieta da etmə də. Dieta edəndə animiya xəstəliyi başlayır. Orada digər fəsadlar olur.  Normal yesən, sağlam ərzaqla yesən, onda heç bir şey olmur. Yəni, bu günləri bir  çox xəstəliklərin fəsadlarının əsas  səbəbi odur.
- Bunu hardasa qanunvericilik yoluyla tənzimləmək və yaxud da maarifləndirmə ilə çözmək necə, mümkündürmü?
- Maarifləndirmə burada  ən başlıca yoldur. Dünyada da bu işlə məşğul olan  qeyri-hökumət təşkilatları var və yaxud qurmanlar. Qurman nədir? Qurman çox yeyən deyil. Deyirlər filankəs qurmandır. Gedirlər hansısa turist səfərinə. Nəyə gedir o? Yağ çox yeməyə getmir, ekzotik yeməyə gedir, sadə yeməyə gedir. Məsələn, Lənkəran mətbəxindən söhbət gedəndə orada həddini aşan yeməklər deyil, normal, əndazədə olan yeməklərdir.
- Ümumiyyətlə, sizin komitə bu məsələ ilə bağlı hansı addımlar atmağı düşünür?
- Bizim komitədən söhbət gedirsə, məsələn, "Sağlamlığın qorunması haqqında" qanunda  bu günləri ərzağın zənginləşdirilməsi məsələsi durur. Yeni bir məsələdir. Ərzaqla bağlı məsələ qoymuşuq. Yəni, bu günləri sağlamlığın mahiyyətində ərzaq durur, yemək durur. Prezidentimiz elə bir mövzuya toxunub ki, bu, sağlamlığın mənbəyidir, bünövrəsidir, əlifbasıdır. Dərman-filan, o, əlifbadır, "A" hərfindən başlayır. Sağlamlığın qorunması ərzaq mədəniyyətindən başlayır, sağlam ərzaqdan, yeməkdən başlayır.
- Komitəniz müxtəlif məsələlərlə bağlı regionlarda, elə komitənizin özündə, ya Milli Məclisdə bir sıra müzakirələr keçirib. Bax bu məsələ ilə də bağlı hansısa müzakirələr, dinləmələr təşkil oluna bilərmi?
- Bu yaxınlarda Lənkəranda Yeni Azərbaycan Patiyasının  Gənclər Təşkilatının tədbiri keçirildi. Bu məsələnin  ətrafında  da geniş söhbət getdi. Gənclərimiz də məni dəstəklədilər ki, nəhayət, ərzaq mədəniyyətini, yemək mədəniyyətini, istehlak mədəniyyətinin ən böyük qolu olan yemək mədəniyyətini yüksək inkişaf etdirmək lazımdır, vacibdir və əhəmiyyətlidir, bu məsələnin zamanı çoxdan çatıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31