Bələdiyyə seçkilərinə maraq niyə azalıb?
Aydın Mirzəzadə? “Bələdiyyələr Azərbaycanın ictimai həyatında yerini tuta bilib”
11 Dekabr 2014 15:58 MüsahibəArtıq bələdiyyə seçkilərinə saylı günlər qalmaqdadır. Bələdiyyə seçkilərinin siyasi aksiya olmasına baxmayaraq siyasi partiyalarda qətiyyən fəallıq müşahidə olunmur. Bələdiyyə seçkilərinə belə münasibətin kökündə hansı amillər durur? Ötən müddət ərzində bələdiyyələr yerli icra orqanı kimi özlərini doğrulda bilibmi?
Müsahibimiz Milli Məclisin deputatı Aydın Mirzəzadədir.
- Aydın müəllim, dekabrın 23-də keçiriləcək 4-cü çağırış bələdiyyə seçkilərinə çox az vaxt qalsa da, nə cəmiyyətdə, nə də siyasi partiyalarda bir aktivlik, bir fəallıq hiss olunur. Sanki nə hakim partiya, nə də müxalif düşərgə bu seçkilərdə həvəsli görünür. Sizcə, bunun səbəbi nədir?
- Əvvəla, üzv olduğum Yeni Azərbaycan Partiyası haqqında fikrinizlə razılaşa bilmirəm. Yeni Azərbaycan Partiyası bütün seçkilərə, o cümlədən yerli idarəetmə orqanlarına, bələdiyyə seçkilərinə çox məsuliyyətlə yanaşır. Və artıq dördüncü dəfə keçirilən bu seçkilərdə özünün ən yaxşı, layiqli namizədlərini verir. Artıq bütün bələdiyyələr üzrə bölgənin ən tanınmış, nüfuzlu, seçicilərin etibarını qazana bilən insanlar YAP tərəfindən namizəd verilib. Hesab edirəm ki, onların əksəriyyəti bu etimadı doğrulda, seçicilərin rəğbətini, dəstəyini qazana biləcəklər.
Müxalifət partiyalarının bu məsələyə maraq göstərməməsinə gəldikdə isə iş burasındadır ki, müxalifət partiyalarının mütləq əksəriyyətinin paytaxtdan kənarda ərazi təşkilatları, demək olar ki, yoxdur və yaxud da formal fəaliyyət göstərirlər. Hətta, onlar məntəqə seçki komissiyasına müşahidəçi belə göndərə bilmirlər. Bu baxımdan, onlar ancaq ya paytaxtdakı bələdiyyələrdəki yerlər uğrunda mübarizə aparırlar və yaxud da parlament seçkilərinə üstünlük verirlər. Belə də isə ötən 5 il ərzində bələdiyyələr artıq Azərbaycanın ictimai həyatında özünün möhkəm yerini tuta bilib. Bələdiyyələr güclənib, bələdiyyələr regionun problemlərinin həllində işlər görür, insanların qapısını döydüyü, inandığı, kömək istədiyi və ümid bəslədiyi bir hakimiyyət orqanına çevrilə biliblər.
- Amma orası da var ki, Azərbaycandan fərqli olaraq, Avropada, qardaş Türkiyədə bələdiyyələrə, bələdiyyə seçkilərinə çox böyük önəm verilir. Hətta Türkiyədə parlament və prezident seçkilərinin taleyini belə bir növ bələdiyyə seçkiləri həll edir...
- Yaddan çıxarmayaq ki, Türkiyənin min illərdən bəri kəsilməyən dövlətçilik tarixi var. Azərbaycanın isə dövlətçiliyi vaxtaşırı əlindən alınıb, torpaqları işğal olunub, digər dövlətlərin bir əyalətinə çevrilib. Ona görə bərpa etdiyi müstəqilliyinin cəmi 23 yaşı olan Azərbaycandan bəlkə də kimlərinsə daha böyük gözləntiləri var. Amma bütün bu gözləntilər, hesab edirəm ki, zaman-zaman həll olunacaq və onların da hər birinin şahidi olacağıq. İndinin özündə də belə bələdiyyələr bu gün üzərinə düşən vəzifələri yerinə yetirməkdədir. İstənilən hakimiyyətin əsas vəzifəsi vətəndaşının problemini həll etməkdir. Onun təhlükəsiz yaşamasına nail olmaq, sosial problemlərinin həll edilməsinə çalışmaqdır. Və bu, ümumən götürdükdə Azərbaycanda alınır.
- Eyni zamanda heç kimə sirr deyil ki, cəmiyyətdə bələdiyyələrdən söz düşərkən onlar daha çox "topraq alverçiləri" kimi xarakterizə olunurlar...
- Prinsipcə, torpağın bölüşdürülməsi də bələdiyyənin səlahiyyətində olan məsələdir. Əgər insanlar bu gün torpaq faktorunu görürlərsə, bunun özü yaxşıdır. Deməli, torpaq alqı-satqısına, torpaqdan səmərəli istifadəyə cəmiyyətdə böyük bir maraq var və bələdiyyələr də bu baxımdan, öz üzərinə düşən vəzifəni yerinə yetirirlər.
- Sizcə, bələdiyyələrin fəaliyyətinin daha da səmərəli olması, onların qabaqcıl ölkələrin bələdiyyələrinin səviyyəsinə çatdırılması üçün daha hansı addımlar atılmalıdır? Məsələn, bəzi YAP-çı həmkarlarınız da Türkiyədə olduğu kimi, Azərbaycanda da bələdiyyə sədrlərinin məhz seçkilərdə seçki yolu ilə müəyyənləşməsi təklifini irəli sürürlər. Siz bu təklifi məqbul sayırsınızmı?
- Birincisi, hər bir ölkənin özünəməxsus bələdiyyə sistemi var və heç bir halda birininki o birisinə nə nümunə, nə də ondan aşağı ola bilər. Hesab edirəm ki, ümumən götürdükdə, Azərbaycan da öz bələdiyyəsini hər seçkidən-seçkiyə təkmilləşdirməkdə və onu daha səmərəli edən bir quruma çevirməkdədir. Bələdiyyə sədrinin nə cür seçilməyə gəldikdə isə hesab edirəm ki, indiki variant daha uğurludur. Bələdiyyə üzvləri sədri seçir və onun fəaliyyətinə, eyni zamanda, nəzarət edə bilirlər. Və bələdiyyələrdən gözləntilər həmişə yüksəkdir. Məsələn, bu gün bələdiyyəsindən razı olmayan, bələdiyyəsinə daha yaxşısını arzulamayan xarici ölkə vətəndaşı yoxdur. Eyni hiss bizlərə də xasdır. Nə qədər ki, həyat var, nə qədər ki dövlətçilik və cəmiyyət inkişaf edir, insanlar həmişə hakimiyyət orqanlarının daha təkmil, daha yüksək olmasını istəyəcəklər. Bu da normal bir haldır və cəmiyyət də onu nəzərə almalıdır.
- Bəzən bələdiyyələri yerli icra hakimiyyəti orqanlarının bir əlavəsi də hesab edirlər...
- Bəziləri bələdiyyə və yerli icra hakimiyyətlərinin münasibətini nəzərdə tutanda nədənsə onları bir-birindən uzaq və bir-birilə münaqişədə olan strukturlar kimi təsəvvür edirlər. Bu gün icra hakimiyyətləri və bələdiyyələr bir-birinə tabe olmayan hakimiyyət orqanlarıdır. Ancaq bir-birindən uzaq və bir-birinə yad orqanlar deyillər. Bunlar birlikdə həmin ərazi üçün işləyirlər. Ona görə də onların birlikdə işləməsi, onların eyni problemləri həll etməsi, hesab edirəm ki, normaldır. Onlar arasında işgüzar münasibətlər var. Onlar arasında problemi hərəsi səlahiyyətləri, gücü daxilində həll etmək istəyi var. Yəni, bu baxımdan, mən onları qarşı-qarşıya qoymağın, birinin o birisindən üstün olmağın tezislərini qəbul edə bilmirəm.
Alim