Rusiya Ermənistanın "dəmir qapıları"nı bağlayır: Siyasi təzyiq, yoxsa iqtisadi reallıq? – ÖZƏL

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistan dəmir yollarını almaq istəyən investorlar üçün ağır maliyyə şərtlərini açıqlayıb. Bildirilib ki, yeni alıcı 250 milyon dollar ilkin ödəniş etməli, hər il 40 milyon dollar istismar xərci çəkməli və bərpa işlərinə 680 milyon dollardan çox investisiya yatırmalıdır. Paşinyan hökumətinin idarəçiliyi Qazaxıstan və ya BƏƏ-yə vermək cəhdlərinə reaksiya verən Moskva xəbərdarlıq edib ki, Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə layihə iqtisadi səmərəsini tamamilə itirəcək. Rusiya tərəfi hazırda satış üçün heç bir obyektiv səbəb görmür və risklərin kritik səviyyədə olduğunu vurğulayır. 

"Bu rəqəmlərin təqdim olunması onu göstərir ki, Rusiya tərəfi Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə dolayı mesaj verir. Bu mesaj investisiyanın real dəyəri, onun gəlir gətirmə potensialı və həmin vəsaitlərin bu ölkələr üçün nə dərəcədə faydalı ola biləcəyi ilə bağlıdır. Eyni zamanda, bu investisiyaların gələcək taleyinin qeyri-müəyyən olduğu vurğulanır. Başqa sözlə, Rusiya bu rəqəmlər vasitəsilə deməyə çalışır ki, buraya qoyulan investisiyalar və çəkilən xərclər özünü doğrultmaya bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, əgər gələcəkdə Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarsa və ya çıxarılarsa, bu zaman mövcud iqtisadi yük azala bilər. Lakin bu, eyni zamanda dəmiryol xəttinin və nəqliyyat xidmətlərinin gəlirlərinin azalmasına gətirib çıxara bilər. Məlumdur ki, Qazaxıstan Avrasiya İqtisadi Birliyinin əsas üzvlərindən və əsas investorlarından biridir. Belə risklərin yaranması həm Qazaxıstanın, həm də Birləşmiş Ərəb Əmirliklərinin bu layihəyə investisiya qoymaqdan çəkinməsinə səbəb ola bilər. Digər tərəfdən, Ermənistan hazırda həm Rusiya ilə, həm də digər tərəfdaş ölkələrlə danışıqlar aparır. Ümumiyyətlə, Paşinyan hakimiyyəti müxtəlif istiqamətlərdə dialoq qurmağa çalışır. Bu, həm də qarşıdan gələn seçkilərdə qələbə qazanmaq üçün istifadə olunan siyasi alətlərdən biri kimi qiymətləndirilə bilər. Ermənistan hökuməti bu vəziyyəti müəyyən mənada təzyiq vasitəsi kimi də istifadə edir.

"Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiya iqtisadiyyatından asılıdır. Bu asılılıq xüsusilə enerji təchizatı, logistika və kənd təsərrüfatı məhsullarının ixracı sahələrində özünü göstərir. Əgər bu sahələrdə problemlər yaranarsa, Ermənistanın ümumi daxili məhsulu azala və iqtisadiyyatı ciddi zərbələr ala bilər. Bu isə öz növbəsində ticarət dövriyyəsinin azalmasına və logistika sahəsindəki investisiyaların yükünün dəyişməsinə səbəb ola bilər. Bütün bu rəqəmlər məhz bu riskləri diqqətə çatdırmaq üçün təqdim olunur. Digər tərəfdən, Paşinyan hakimiyyəti Avropaya inteqrasiyanı gücləndirmək və Rusiyanın Ermənistan iqtisadiyyatındakı təsirini azaltmaq istiqamətində addımlar atmağa çalışır. Bunun necə nəticələnəcəyini isə zaman göstərəcək. Hazırkı mərhələdə isə bu ölkələrin belə radikal addımlar atacağı inandırıcı görünmür. Çünki Ermənistanın dəmiryol şəbəkəsi faktiki olaraq tam şəkildə Rusiya dəmiryol sistemindən asılı vəziyyətdədir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31