Arzu Nağıyev: Ermənistanın işğalçı qoşunları ərazilərimizi tərk etdikdən sonra sülh haqqında danışmaq olar

Trend İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən Böyük Sülh Sazişi, ATƏT XİNŞ-nin 21-ci sessiyası zamanı səsləndirilən bəyanatlarla bağlı Region TV-nin suallarını cavablandırıb.

Ötən həftə ATƏT XİNŞ-nin 21-ci sessiyası keçirildi. Bu yığıncaqda həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydılar. Ölkələrə Böyük Sülh Sazişi imzalamağa yönəlik çağırış etdilər. Bu çağırışın əhəmiyyəti nədən ibarətdir?

- Bu toplantıda bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də gündəmə gətirildi. Belə ki, Ukrayna böhranı, Krım məsələsi, Dnestryanı və Dağlıq Qarabağ problemləri öncəlik təşkil edən məsələlər idi. Böyük Sülh Sazişi yalnız Bazeldə yaranan müqavilə deyil, bu müqaviləyə hazırlıq prosesi gedirdi və Azərbaycan o müqavilənin şərtlərinin yerinə yetirilməsi istiqamətində işlər görüb. Qeyd edim ki, iclas zamanı bu məsələnin gündəmə gəlməsi onun ciddiliyindən xəbər verir. 20 ildən artıq davam edən münaqişənin sonlandırılması barədə düşünülür. Səsləndirilən bəyanatlardan görünür ki, bu gün sülh müqaviləsinin imzalanmasına ehtiyac böyükdür.

- Sərhəddə baş verən son hadisələrin buna səbəb olduğunu söyləmək olarmı?

- Uels, Rusiya, Fransada prezidentlərin görüşü artıq sülhə aparan yolun xəbərçisi idi. Lakin Ermənistan tərəfinin hərbi təlimləri bu münaqişənin qızışmasına təkan verdi. Bu məsələ helikopterin vurulması ilə daha da gərgin hal aldı. Əvvəllər ikitərəfli görüşlər keçirən xarici işlər nazirləri bu dəfə görüşmədilər. Qeyd edim ki, bu sülh sazişinin imzalanması müəyyən şərtlərdən irəli gəlir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında gərgin olan heç bir məsələ gündəmə çıxarılmır, burada vacib olan yalnız sülhün öncəlik təşkil etməsidir.

- Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşməməsini iki tərəf arasında olan münasibətlərin daha da gərginləşdiyi kimi qiymətləndirmək olarmı?

- Prezidentlərin görüşlərində artıq sülhün cücərtiləri hiss olunmaqda idi. Lakin deyə bilərik ki, bunlardan dərhal sonra Ermənistanın 27 min nəfərlik hərbi heyətlə təlim keçirməsi, ölkəmizin hava sərhədini pozması bu cücərtiləri məhv etdi. Elmar Məmmədyarovun o görüşdən imtinası isə tam haqlı idi. Çünki boş söhbətlərlə vaxt itirmək heç də məqsəduyğun deyil.

Böyük sülh sazişinin bir və ya iki gün ərzində başa gəlmədiyini bilirik. Məlum olan məqamlardan bəziləri isə artıq sülh müqaviləsinin bir neçə bəndinin razılaşdırılmasıdır. Bəs razılaşdırılmayan məqamlar nələrdir?

ATƏT sədrinin sülh haqqında danışması sülhə nail olmanın cücərtisidir. Burada birinci şərt Ermənistanın işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasıdır. Ermənilər isə bunu etmir və qoşunlar bizim torpaqlarımızda ola-ola hansısa danışıqlara getmək istəyirlər. Bu Azərbaycanın razılaşmayacağı bir bənddir. Birinci şərt işğalçı qoşunların ərazilərimizi dərhal tərk etməsidir. Bu olduqdan sonra sülh haqqında danışmaq olar.

- Erməni mətbuatında yazılanlara əsaslansaq, demək olarmı ki, ermənilər artıq müharibədən qorxurlar?

- Birmənalı şəkildə status-kvonun aradan götürülməsi Ermənistan ordusunun işğal altında olan ərazilərdən çıxarılmasıdır. Bunu hər kəs bilir ki, Azərbaycan itki ilə də olsa, müəyyən müddətə də olsa, öz torpaqlarını hərbi yolla geri qaytacaq. Bunu həmsədrlərlə yanaşı, Ermənistan rəhbərliyi də bilir. Təbii ki, bundan qorxur və sülh imzalanmasına çalışırlar. Lakin bundan da mənfəət güddüklərinə görə bu proses yubanır. Köçəryan, Sarkisyan hakimiyyət başına gələndə DQ məsələsi əsas prioritet olub. Bugünkü rəhbərliyin hər hansı bir məsələdə geri addım atması onun siyasi karyerasının məhvi deməkdir. Öz hakimiyyətlərini itirməmək üçün də onlar status-kvonu saxlamağa çalışırlar.

- Bütün bunları nəzərə alaraq yaxın vaxtlarda sülhün masaya gətirilməsini gözləmək olarmı?

- Azərbaycan dövləti və xalqı heç vaxt öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək. Onların çalışdıqları isə ikinci bir erməni dövlətinin yaradılmasıdır. Bunu ATƏT-in sədri, həmsədrləri, hər kəs başa düşür. Bir şeyi qeyd edim ki, ermənilər bizi razı salan məsələləri həll etməsələr, bu saziş da baş tutası deyil. Böyük Sülh Sazişinin imzalanması üçün erməni qoşunları Azərbaycan torpaqlarını tərk etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31