Tutulan, şübhəli və tqəsirləndirlən şəxslərin hüquqlarının müdafiəsində vəkilin iştirakı- ÖZƏL
15:31 SosialVəkillər ədalət mühakiməsinin həyata keçirilməsində, insan hüquq və azadlıqlarının , insanların bir sıra konstitusion hüquqlarının, həmçinin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsində müstəsna rol oynamalıdırlar.. Vəkil müdafiəçi kimi şəxsə qarşı irəli sürülmüş ittihamın əsassız olmasını və ya yüngülləşdirilməsi, hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə prosessual fəaliyyəti həyata keçirməklə , hüquq müdafiə fəaliyyətini peşəkarcasına təmin etməlidir. Vəkil müdafiə etdiyi şəxsin müdafiəsində formal görüntü yaratmaqdan qətiyyətlə uzaq durmalıdır. Xüsusilə ibtidai araşdırma (təhqiqata qədər ,təhqiqat və ibtidai istintaq) mərhələsində vəkillər fəaliyyətlərində bir sıra hüquqi maneələr, çətinliklər ilə üzləşsə belə, vəkillər bu mərhələdə müdafiə və ya təmsil etdiyi şəxslərin hüquqlarının qorunmasında qanunun vəkillərə verdiyi bütün imkanlardan istifadə edib bu halları aradan qaldırmaq üçün fəaliyyət göstərməlidir.. Vəkillərin həmin mərhələdə cinayət işinin materiallarına çıxışına, orada olan sənədlərlə vaxtında tanış olmalarına və surətlərinin çıxarılmasına qoyulan hüquqi məhdudiyyətlər bu qəbildəndir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 26-cı maddəsinin I və II hissələrinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Konstitusiyanın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra - Konvensiya) 6-cı maddəsinin 3-cü hissəsinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Artico İtaliyaya qarşı iş üzrə Qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin "ç" bəndində vəkilin təyin edilməsindən deyil, onun yardımından istifadə edilməsindən bəhs olunur. Vəkilin sadəcə təyin edilməsi səmərəli hüquqi yardımı təmin etmir. Çünki hüquqi yardım məqsədi ilə təyin edilən vəkil vəfat edə, ciddi xəstəliyə tutula, uzun müddət vəzifəsini icra etmə imkanına malik olmaya və ya bundan boyun qaçıra bilər. Belə halda dövlət orqanları bu barədə xəbərdar olduqda vəkili əvəz etməli və ya öz vəzifəsini icra etməyə məcbur etməlidirlər.
Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir.
Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir.
Bu mənada təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunması və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra - "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun) qəbul edilmişdir.
Həmin Qanunun 3-cü maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəkilliyin əsas vəzifəsidir.
Cinayət-prosessual qanunvericiliyinə görə, hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə bildirilməlidir. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir (Cinayət-Prosessual Məcəlləsinin 14.4, 19.1 və 19.4-cü maddələri).
Cinayət prosesində müdafiəçinin iştirakının təmin edilməli olduğu hallar, onun hüquqları, vəzifələri, müdafiəçiyə qadağan olunan hərəkətlər və s. Cinayət-Prosessual Məcəlləsinin 92-ci maddəsi ilə tənzimlənir.
Cinayət prosesində müdafiəçinin iştirakının təmin edilməli olduğu hallar Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə, şübhəli və ya təqsirləndirilən şəxs lal, kor, kar olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə və ya digər qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə, şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda, təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda, şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə), təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda və s. hallarda cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır.
Ölkəmizin tərəfi olduğu İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasını (Konvensiya) tətbiq edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Avropa Məhkəməsi) məhkəməyə qədərki mərhələni (ibtidai araşdırma - təhqiqat və ibtidai istintaq mərhələsini) də Konvensiyanın 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin əhatə dairəsinə salır. Yəni, bu maddədə təsbit edilən bir sıra hüquqlar və təminatlar ibtidai araşdırma mərhələsində də səlahiyyətli orqanlar (şəxslər) tərəfindən təmin edilməlidir.
Bu, Avropa Məhkəməsinin bir sıra qərarlarında təsbit edilmişdir.
Avropa Məhkəməsi cinayət prosesini bütövlükdə, o cümlədən prosesin məhkəməyə qədərki mərhələsini (təhqiqat, ibtidai istintaq mərhələsini) nəzərdən keçirir (Dvorski Xorvatiyaya qarşı, § 76). 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş bəzi prosessual təminatların tətbiq edilməməsinə baxmayaraq, 6-cı maddənin 1-ci bəndi araşdırma aparan hakim (bizim halda müstəntiq, prokuror) tərəfindən aparılan istintaq proseduruna tətbiq edilə bilər (Vera Fernández-Huidobro İspaniyaya qarşı, §§ 108-114).
Bundan başqa, Avropa Məhkəməsi qeyd edir ki, icraatı bütövlükdə araşdırdıqda məhkəməyədək icraatda və məhkəmədə sübutların qəbuledilənliyini tənzimləyən qanunvericilik bazası və onlara əməl edilib-edilməməsi, habelə, ərizəçinin sübutların həqiqiliyinə etiraz etmək və onun istifadəsinə qarşı çıxmaq imkanının olub-olmaması halları da nəzərə alınmalıdır (İbrahim və başqaları Birləşmiş Krallığa qarşı [GC], § 274; Beuze Belçikaya qarşı [GC], § 150; Sitnevskiy və Çaykovski Ukraynaya qarşı, §§ 78-80).
Azərbaycan vəkili xüsusilə ibtidai istintaq mərhələsində müdafiəni düzgün və səmərəli qurmağa, ittiham tərəfinin irəli sürdüyü sübutlara qarşı vaxtında alternativ sübutlar və vəsatətlər təqdim etməyə , bununla da tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həm bütün halların şəffaf şəkildə hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə və həqiqətin müəyyən olunmasına töhfə verməyə, həm də müdafiə və ya təmsil etdiyi şəxslərin fundamental hüquqlarının qorunmasına nail olmalıdır.
Rövşən Qasımov
Vəkil Hüquqşünas