“Mahmud və Məryəm” Bakıdan getdi
Yaradıcı heyət Türkiyəyə dönür
2 Avqust 2012 19:15 MədəniyyətXalq yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılan eyni adlı filmin Azərbaycandakı çəkilişləri dünən başa çatıb. Filmin baş məsləhətçisi, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasovanın "Olaylar"a verdiyi açıqlamaya görə yaradıcı heyət bu gün Türkiyəyə qayıdacaq. Aktrisa onu da söyləyib ki, çəkilişlərin bəzi hissələrinin öncədə Qobustanda və Şamaxıda aparılması planlaşdırılsa da, sonradan təxirə salınıb. Həmin məkanlar çəkiliş üçün əlverişli olmayıb.
"Mahmud və Məryəm"in çəkilişləri Şəkidə, Qaxda və Qəbələdə oldu. Çəkilişlərin bir hissəsi Şamaxıda olacaqdı. Filmin rejissoru və texniki heyət həmin məkanlara baxandan sonra yolun uyğun olmayacağı qərarına gəldilər.
Hətta hava şəraitini də əlverişli hesab etmədilər. Yağış yağmasından qorxdular ki, sel daşqını-filan ola bilər. Qobustanda da 45 dərəcə isti olduğu üçün çoх isti dedilər. Qobustanda daha çoх qayalıqlar olduğundan bu da çəkiliş qruppu üçün çətinliklər yarada bilərdi".
Aktrisa Şamaxıda və Qobustanda gerçəkləşməyən çəkilişləri Türkiyənin müхtəlif məkanlarında davam etdirəcəklərini deyib.
Xatırladaq ki, "Mahmud və Məryəm" filminin rejissoru Mehmet Ada Öztekin, prodüseri Sevda Kayğızısızdır. Musiqisi Aygün Səmədzadəyə məxsusdur.