Ədəbiyyat saxta sözü sevmir - MÜSAHİBƏ

Müsahibimiz tanınmış yazıçı, şair, publika.az-ın redaktoru Kənan Hacıdır.

-Kənan bəy, düşünürəm ki çağdaş Azərbaycan ədəbiyyatında daha çox yazıçı kimi tanınırsınız, nəinki şair kimi. Fikirlərimlə razısınızmı?

-Bunun əksini deyənlər də var. Mən ədəbiyyatın bütün janrlarında özümü sınamağa çalışıram, hansında nə dərəcədə alınır, bunu deməkdə çətinlik çəkirəm. Özümü nə yazıçı, nə şair hesab etmirəm, sadəcə, yazar demək olar. Kiminə nəsr əsərlərim xoş gəlir, kimisi şeirlərimi xoşlayır. Hər kəs öz zövqünə görə bəyənir və seçim edir.

-Çağdaş ədəbi prosesin müasir səviyyəsi sizi qane edirmi?

-Çağdaş ədəbiyyat axtarışlar dövrünü yaşayır və beləcə inkişaf edir. Kifayət qədər maraqlı, diqqətçəkən nümunələr yaranıb və yaranmaqdadır.

-Hansı ədəbi cərəyanı yaradıcılığınıza daha doğma hesab edirsiniz?

-Mən nəsə yazanda hansısa cərəyan haqqında düşünmürəm, yazı prosesi mənim ovqatımdan asılıdır, yazılan mətn hansı formanı alacaq, onu mən öncədən bilmirəm və açığı, izmlərdən elə də başım çıxmır. Cərəyan və izmləri adətən, tənqidçilər müəyyən edir.

-Realist ədəbi nümunələr çağdaş dövrümüzdə az-az qələmə alınır. Bunu nə ilə əlaqəlndirmək olar, postmodernizmin inkişafı, yoxsa realizmin çətinliylə?

-Əksinə, düşünürəm ki, son illərdə kifayət qədər realist əsərlər yaranıb. Məsələn, Şərif Ağayarın "Haramı", Seymur Baycanın "Quqark", Qan Turalının "Mustafa", Sevin El Sevərin "Şəhər", "Falçı" romanları realist əsərlərdir. Bu siyahını xeyli artırmaq da olar. Hesab etmirəm ki, bizdə postmodernizm inkişaf edib. Azərbaycan ədəbiyyatında son dövrdə postmodern deyə biləcəyimiz çox az əsər meydana çıxdı. Kamal Abdullanın "Yarımçıq əlyazma"sı, Həmid Herisçinin "Nekroloq"u və bir-iki əsərin adını çəkmək olar. Qalan bütün nəsr əsərləri realist ədəbi nümunələrdir.

-Yaxşı yazmağı bacarıb-bacarmasından asılı olmayaraq hamı ədəbiyyata gəlmək istəyir. Bunu səsi olmayan müğənnilərin incəsənətə gəlişiylə müqaisə etmək olarmı?

-Çox əcaib bir mənzərədir. Kəramət Böyükçöl bu yaxınlarda sosial şəbəkədə bir status yazmışdı ki, Azərbaycanda çox təhlükəli oxucular var, onlar hər an yazıçı ola bilərlər. Amma məncə, buna görə narahat olmağa dəyməz. Ədəbiyyat saxta sözü qəbul etmir, istedadı olmayanlar elə gəldikləri kimi də çəkilib gedəcəklər. Sadəcə, artıq kağız korlayırlar. İstedadla yazılan əsərlər qalacaq. Buna şübhəniz olmasın.

-Fantastik janrda əsərlərə çağdaş ədəbiyyatımızda az rast gəlirik. Düzdü, son vaxtlar bu istiqamətdə canlanma var. Amma texnologiyanın demək olar, bütün sahələrə nüfuz etdiyi bir zaman üçün bu, çox azdır. Nə vaxtsa fantastik janrda bir əsər qələmə almağı düşünmüsünüzmü və ya düşünürsünüzmü?

-Sözün açığı, bu sahə məni heç vaxt cəlb etməyib. Azərbaycanda fantast yazıçılar olub, Namiq Abdullayev, Emin Mahmudov. Çox maraqlı əsərlər yazıblar. Bir dəfə Namiq Abdullayevin əsərlərini oxumağa cəhd etdim, alınmadı. Amma Anarın "Əlaqə" povestini oxumuşam və çox xoşuma gəlib. Bu sahənin də öz oxucuları var. İndi də fantastika janrında yazan yazarlar var. Nə vaxtsa fantastik janrda əsər yazmaq istəyim olmayıb, çünki bu, mənim yaradıcı stixiyama yad bir sahədir.

-Bildiyim qədərilə vaxtınızınız məhdud olmasına baxmayaraq ciddi mütailə edirsiniz. Ən çox kimləri oxuyursunuz?

-Mən uşaqlıdan mütaliə etməyi vərdiş etmişəm və indiyədək dünya ədəbiyyatının üzdə olan yazıçılarının böyük əksəriyyətini oxumuşam. Dönə-dönə qayıtdığım əsərlər olub, məsələn, Mirzə Cəlili, Ə. Haqverdiyevi daim oxuyuram. Dünya nəsrində ən çox xoşladığım yazıçılar Heminqueydi, Platonovdu, Milan Kunderadı, Henri Millerdi, Steynbekdi və sair.

-Gənc yazarlar arasında gələcəyin dahilərini görürsünüzmü?

-Dahiləri gələcək müəyyən edəcək. Amma mən inanıram ki, bu gün yazıb-yaradan istedadlı yazarların əsərləri gələcəkdə də oxunacaq. Mübariz Cəfərlinin, Saday Budaqlının, Şərif Ağayarın, Cəlil Cavanşirin, Mirmehdi Ağaoğlunun, Qan Turalının, Aqşin Yeniseyin yazdıqları yaşayacaq.

-Kənan Hacını yaxından tanımaq üçün mütləq "Yaddaş kartı"na müraciət etmək lazımdır?

-Məni özümdən daha çox yazdıqlarım tanıdır. Danışmaqdan çox yazmağa üstünlük verirəm. Kifayət qədər qapalı adamam, mənim dilim, belə demək mümkünsə, yazılarımda açılır. "Yaddaş kartı" bu mənada məni tanımaq istəyənlərçün ən yaxşı sorğu kitabıdır. Bütün suallara o kitabda cavab tapmaq olar.

-Gələcək planlarınız barədə bilmək maraqlı olardı. Hal-hazırda hansı əsər üzərində işləyirsiniz?

-Hal-hazırda şərti adı "Fironun dəftəri" olan bir roman üzərində işləyirəm. İş və qayğılar vaxtımı çox alır, asudə vaxt olsa, o əsəri yazıb bitirəcəm. Ümumiyyətlə, ədəbiyyata dəxli olmayan hər şey məni çox tez yorur, usandırır. Amma neyləyim ki, başqa çıxış yolu yoxdur, yaşamaq da lazımdır.

-Yazmaq istəyib də yaza bilmədiyiniz bir əsər varmı?

-Yazmaq istədiyim çox şeylər olub, amma yenə deyirəm, vaxt və imkan olmayıb. Yazdığım kitablar mənə qazanc gətirsə, mən vaxtımı yalnız və yalnız bədii yaradıcılığa sərf edərəm.

-Ən çox sevdiyiniz əsəriniz hansıdır?

-Bütün yazdıqlarım mənə doğmadır.

-Gənc yazarlara məsləhət və tövsiyələriniz?

-Məsləhət verməyi xoşlamıram, elə gənclər də məsləhəti xoşlamırlar. İçində ədəbiyyat yanğısı və istedadı olan gənc mütləq özünü təsdiq edəcək. Mən arzu edərdim ki, onlar istedadın qədrini bilsinlər, mütaliə etməkdən yorulmasınlar.

Yeqzar Cəfərli

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31