Azərbaycan - ŞƏT əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır- ÖZƏL
11:27 Siyasət"Azərbaycanın ŞƏT ilə qarşılıqlı fəaliyyət formatı da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı 2015-ci ildən təşkilatın dialoq üzrə tərəfdaşıdır, 2022-ci ildən isə Prezident İlham Əliyevin ŞƏT sammitlərində iştirakı müntəzəm xarakter alıb. Cənab Prezident Səmərqənddən sonra Astana, Tiencin və indi də Bişkekdə keçirilən sammitlərdə iştirak edib. Bu ardıcıllıq artıq epizodik maraqdan deyil, davamlı siyasi istiqamətin formalaşmasından xəbər verir. Bundan əlavə, Çin daha əvvəl Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsini açıq şəkildə dəstəkləyib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Azərbaycan üçün ŞƏT ilə qarşılıqlı fəaliyyət növbəti geosiyasi düşərgəyə qoşulmaq baxımından əhəmiyyət daşımır. Təşkilatın əsas dəyəri, ilk növbədə, onun miqyası və tərkibi ilə bağlıdır. Burada Çin, Mərkəzi Asiya dövlətləri, Rusiya, Hindistan, Pakistan, İran və Avrasiya siyasətinin digər mühüm iştirakçıları təmsil olunur. Bu, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, energetika, texnologiyalar və regional əməkdaşlığın yeni modellərinin eyni platformada müzakirə edildiyi geniş bir məkandır. Məhz buna görə Azərbaycanın burada iştirakı tamamilə təbii görünür. Bakı bu gün beynəlxalq sistemdə xüsusilə önəm qazanan bir təcrübəyə-xarici siyasətin müxtəlif istiqamətlərini praktik şəkildə uzlaşdırmaq bacarığına malikdir. ŞƏT ölkələri ilə münasibətlər də abstrakt xarakter daşımır, möhkəm ikitərəfli təmələ söykənir. Bişkekdə Prezident İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında keçirilən görüş bu baxımdan səciyyəvidir. Dövlət başçıları strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, nəqliyyat-logistika məsələlərini və Orta Dəhlizin perspektivlərini müzakirə ediblər. Yəni siyasi dialoq birbaşa iqtisadi layihələrə və infrastruktur qarşılıqlı asılılığına transformasiya olunur".