“Mirzə Ələkbər Sabirin satira sənətkarlığı”nda nələrdən danışılır
30 İyul 2012 19:08 MədəniyyətYazıçı-publisist, fəlsəfə doktoru Akif ƏLİ-nin sonuncu nəşr edilən "Mirzə Ələkbər Sabirin satira sənətkarlığı" adlı kitabı Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2010-cu il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dərc olunub. Kitab müəllifin Ön sözü ilə və M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında oçerklə açılır. Kitaba müəllifin ayrı-ayrı vaxtlarda M.Ə.Sabir haqqında yazdığı elmi monoqrafiya və məqalələri daxil edilib. Sabir yaradıcılığının mahiyyətinin daha dərindən dərk edilməsi və onun haqqında daha geniş təsəvvürlərin əldə edilməsi üçün kitaba "Hophopnamə"dən bəzi şerlər və mövzuya dair illüstrasiyalar əlavə olunub. M.Ə.Sabirin satira sənətkarlığına həsr olunan elmi monoqrafiyada Sabirin satira mexanizmi tamamilə açılır və göstərilir. Sabirin satirik kimi dahiliyinin nədən ibarət olduğu ədəbi araşdırma kimi ortaya qoyulur. A.Əlinin müxtəlif illərdə M.Ə.Sabirlə bağlı yazdığı "Milli dirçəlişimizin beşiyi başında", "Sabir bizə nələri deyirdi..." məqalələri də kitabda yer alıb. İkinci adı çəkilən məqalədə Sabirin "Fəxriyyə" adlı şeirinin təhlili verilir. "Ötəri tənqid" adlı bədii-publisistik məqalədə isə Sabirlə C.Məmmədquluzadə münasibətləri, onların əməl və ideya birliyi önə çəkilib. Kitabda Sabirə məxsus sözlər orjinalda olduğu kimi saxlanılıb. Buna görə də nəşrə lüğət də salınıb. Lüğət ərəb və fars tərkibli sözlərin mənasını başa düşməkdə oxuculara yardımçı olacaq. Qeyd edək ki, kitab respublikanın bütün kitabxanalarına paylanılacaq.