Bir ömür... Portret
30 İyul 2012 16:18 MədəniyyətÖmür yolu deyilən bir ifadə var. Bu yol fərdidir. Kimisinin əllərindən yapışıb hamar yola çıxararlar. Bir başqası öz yolunun ilk cığırını da özü salar. Yol boyu ayağını əzən daş - kəsəyi özü təmizləyər. Öz yolunu özü açar, özü hamarlayar. Öz yolunun şaxtasına - sazağına sinə gərər, boranına - tufanına özü dözər. Ömür yollarının uzunluğu əzəldən bəlli olmaz. Ölçülü - biçili də olmaz. Hərənin qət edəcəyi yol da bilinməz. Amma qət etdiyi bilinər.
Qarşımda bir kitab var. Yarım əsrlik yolun salnaməsi. Rəngi yaşıldır kitabın. İlk baxışdan bu rəngi mənalandırmaq olmur. Amma yarım əsrlik ömrə qiyabi olaraq yolçuluq edəndə dərk etmək olur ki, bu rəng heç də tam təsadüfi seçilməyib. Bu rəng baharın rəngidir. Baharı isə bu ömür yolunun sahibinə anası sevdirib, anası. Özü belə yazır. Yazır ki, " baharı mənə anam sevdirdi, mənim bahar çiçəyi kimi ağ saçlı anam. Əsil mənasını sonralar başa düşdüyüm bahar məhəbbəti anamın ürəyimə saldığı sirli, şirin və təmiz duyğulardan biridir.
Yaz gələndə axşamüstü həyətdə ocaq qaladığımız od üstündən o tərəf- bu tərəfə atıldığımız səsli- küylü oyunlar, kim deyir ki, elə boş bir əyləncə olub:
Deməyin ki,əylənmişik
Duymamışıq heç nəyi
Bəlkə onda öyrənmişik
Od içindən keçməyi?!
Yarım əsrlik sənət yolunun salnaməsini oxuya- oxuya mən bu yolun necə deyərlər qiyabi yolçusuna çevrilmişəm. Bilsəniz kimlərlə həmsöhbət olmuşam, kimlərin dürlü - dürlü kəlamlarını eşitmişəm, siz də bu yolçuluğa sözün əsil mənasında qibtə edərdiz. Əgər mən bu yolun qiyabi yolçusuyamsa bəs, bu yolun əsil sahibi kimdir? Bu cavabı gəlin, xalq yazıçısı Mirzə İbrahimovun kitabın ilk səhifəsində yer alan "Düzlük və yaradıcılıq" məqaləsində axtaraq.
"Bütün fikri, xəyalı yaradıcılıqda olan adam çox şeyi və o cümlədən özünü unudur, ancaq yaratmaq ehtirası ilə yaşayır, çalışır ki, yaratdığı insanlar üçün faydalı olsun. Mənim nəzərimdə Ayaz Vəfalı bu cür yazıçılardandır. O yavaş- yavaş, tələsmədən,səliqə ilə külüng çalan, hər hansı bir binanın özülünü hazırlayan, o bina üçün hamar və tarazlı daşlar yonan, sonra da onu qaydası ilə tikməyə başlayan bənnanı xatırladır. Görünür yazıçı sənətinin çətin tələblərini başa düşməsi bəzi hallarda intuitiv keyfiyyətlərini duyması sayəsində o, təmkinlə, ağır- ağır yazmaqla bərabər, bu sənətin sirlərini və nəzəriyyəsini dərk etməyə onun böyük ölməz ustalarının təcrübəsindən aramsız olaraq öyrənməyə çalışır."
Mirzə İbrahimov bu sətirləri yazanda 1987- ci il idi. Hələ yarım əsrə yarım əsrin yarısı qədər yol var idi. Bu yol Mirzə İbrahimovun dediyi kimi böyük yaradıcılıq yolu idi, saflıq, paklıq, doğruluq, dürüstlük, ləyaqət, dəyanət, haqq yolu idi. Bu yolun sahibi tale yazısından razıdır. Deyir:
Əlim qələm tutdu, tale yar oldu,
Müəllimim neçə sənətkar oldu;
Xeyir-dua verdi böyüklər mənə,
Hərəsi bir cürə səbəbkar oldu...
Ayaz Vəfalının müəllimləri yalnız Universitetin auditoriyalarında gördüyü ustadlar deyil, həm də dünya şöhrətli söz korifeyləri oldu. Nizaminin, Nəsiminin, Fizulinin, Nəvainin, Şəhriyarın şer dünyalarına varid oldu Ayaz Vəfalı. O böyük sənətkarların söz xəzinələrindən obrazlı şəkildə desək gövhərlər topladı. Müasir oxucuya onların dəyərini anlatdı, birər - birər şərh elədi. Ötən əsrin 90- cı illərinin əvvəllərində bəzi dil pəhləvanları klassiklərimizə hücuma keçəndə Ayaz Vəfalı çox sakitcə heç kimi günahlandırmadan, heç kimi ittiham etmədən tarixin bəlkə də bir daha yetirə bilməyəcəyi o böyük söz dühalarının sənət məziyyətlərindən söhbət açdı, onların ölçüyəgəlməz xidmətlərini qələmə aldı.
Qiyabi yolçusu olduğum yarım əsrlik yolda bir böyük səcdəgah var. Fizuli səcdəgahı. Bu yolun əsil sahibi üçün kimdir Fizuli? Gəlin, cavabı onun öz qənaətində oxuyaq.
"Fizuli şəxsiyyətinin ən böyük keyfiyyətlərindən biri və mən deyərdim bəlkə də birincisi həyatın ən ağır, amansız , ən haqsız ədalətsiz az qala ümidsiz məqamlarında belə onun öz daxilində qeyri- adi bir qüvvə tapması və bu sehrli qüvvəyə söykənib əzəmətlə dayanması, sarsılmamasıdır. Bu qüdrətin əsil səbəbi yəqin dahi şairin özünün nələrə qadir olmasına əminliyidir.
Səadəti - əzəli
qabili zəval olmaz,
Günəş yer üstinə gər
düşsə payimal olmaz.
Ayaz Vəfalının Fizuli irsinə , Fizuli dühasına olan böyük məhəbbətindən Vaqifə, Zakirə, Hüseyn Cavidə, Sabirə, Mirzə Cəlilə də pay düşür.
Yarım əsrlik yolun bir "dayanacağı" da Cəlilabadda Cəlil Məmmədquluzadənin abidəsi önündədir. O abidənin önündə dayanan Ayaz Vəfalı görün, nə deyir;
Sən bir məktəbsən ki, böyük, möhtəşəm
Hayıf, az görmüşəm, az götürmüşəm.
Sən sözü ən əziz nemət bilərdin
Mən sənə bir ürək söz gətirmişəm.
Bu həm də Ayaz Vəfalının sözə verdiyi dəyərdir. Hippokrat andı" adlı şerində bu dəyəri belə ifadə eddir.
Söz də bizim məsləkimiz
Kəlmə- kəlmə ölçək- biçək
Ələ qələm alanda biz-
Hippokrat andı içək.
Bu misralar bir daha sübut edir ki, Nizami, Fizuli, Nəvai sözə necə dəyər verirdilərsə Ayaz Vəfalı da sözə eləcə dəyər verir. O Nəvai yaradıcılığını təhlil edərkən görün nə yazır:
"Nəvai bədii sözü cəmiyyətin ən qiymətli varidatı sayır. Həm fəxrlə, həm də məsuliyyət hissi ilə təkrar edir. "Bəşər dəryasının gövhəri sözdür." Ona görə də qələm sahiblərini ehtiyatlı olmağa, sözün, qələmin şərəfini uca tutmağa çağırır. Bu müqəddəs yoldan dönənlərə, böyük bir sənətə, etimada xain çıxanlara, nifrət etməkdən, lənət deməkdən də özünü saxlaya bilmir.
Qələm çalan incidəndə elləri
Qələm- qələm olaydı kaş əlləri."
Ayaz Vəfalının bu qəbil təhlilləri, araşdırmaları əslində klassik ədəbiyyat korifeylərini müasirləşdirir. Onların ədəbi irslərinin bu günümüz üçün də nə dərəcədə əhəmiyyətli olmasından xəbər verir.
...Yarım əsrlik sənət yoluna qiyabi yolçuluğum davam edir. Bilsəniz ,bu yolda daha kimləri, kimləri görürəm? İmam Mustafayevi, Rəsul Rzanı, Fikrət Əmirovu, Abbas Zamanovu. Teymur Elçini, Nəsir İmanquliyevi, Bəxtiyar Vahabzadəni, Taras Şevçenkonu, Konstantin Simonovu, lesya Ukrainkanı və adları bir məqaləyə sığmayan dünya ədəbiyyatının söz sərraflarını. Etiraf edim ki, Taras Şevçenkonun "Kor qadın" poemasını bu günə kimi oxumamışdım. Bir anlıq bu əsərin tərcümə olunduğunu unudaraq oxudum. Çünki Ayaz Vəfalının tərcüməsi ilə poema dilimizin bütün kövrəkliyilə qələmə alınıb.
Kim böləcək, mənimlə kim-
Sinəmdəki dərdi- səri?
Yad ellərdə kimə deyim
Mən bu doğma nəğmələri?
Əsarətdə yanıb şamtək
Sönürəm mən baxtı qara,
Həsrətimi burda gərək
Deyəm o lal divarlara.
Kor bir ananın acıları doğma dilimizdə, görürsüzmü, necə rəvan səslənir. Elə bil dərdli ana bayatı çağırır, ağı deyir. Dilin axarı bu an ananın milliyyətini də unutdurur. Ananın yanğısı, faciəsi ön plana keçir.Əsər bir nəfəsə oxunur.
Konstantin Simonovun "Gözlə məni " şeri də həmçinin.
Gözlə məni, gələcəyəm
Gözlə məni yar;
Gözlə məni səpəndə qəm
Narın yağışlar.
Gözlə məni qışın qarı
Evlər yıxanda
Gözlə məni başqaları
Dönük çıxanda.
Heç kimə sirr deyil ki, elə tərcümələr var, sırf quruca mənanı ifadə edir. Elə tərcümələr də var, hissin, duyğunun tərcüməsidir. Bu o zaman olur ki, tərcüməçi öz ana dilinin zəngin söz sərvətindən yetərincə bəhrələnə bilir. Ayaz Vəfalının tərcümələri bu gerçəyi bir daha sübuta yetirir.
Qiyabi yolçusu olduğum yarım əsrlik sənət ömrünün məbədə bənzər çox "dayanacaqları" oldu. Təbiidir ki, bir məqalədə onların hamısından müfəssəl söhbət açmaq mümkün deyil. Çünki bu yarım əsrdə əslində əsrlərin söz yaddaşı yaşayır. Hər bir insan isə bir ömür, tək bir ömür yaşayır. İnsan var ki, onu yalnız özü üçün yaşayır. Öz maraqları, öz qayğıları, öz ailəsi üçün yaşayır. Haqqı da var, yaşasın. İnsan da var, qolunun qüvvətini, dizinin taqətini, gözünün nurunu, qəlbinin odunu elindən, obasından, xalqından, millətindən, havasını alıb, suyunu içdiyi Vətənindən bircə misqal da olsun əsirgəmədən yaşayır. O da bir ömür yaşayır.
Bir ömür...
Peşiman olmaram nə qəm -
Xatirində qalan zəhmətim olsa
Mən səndən
yenə də əsirgəmərəm-
İkinci bir ömür qismətim olsa.
Ayaz Vəfalı 75 illik bir ömür yolu qət eləyib. Onun da yarım əsrini "Ədəbiyyat qəzetinə" həsr eləyib. Yarım əsrlik bu sənət yolunda Zərdabi ənənələrini həmçinin qəzetçiliyin ən ali məziyyətlərini qoruyub saxlaya bilib. Sözün ağır - yüngülünü çəkməyi bacarıb. Ən başlıcası isə öz Məninə və öz qələminə hər zaman sadiq qalıb. Bu isə qəzetçiliyin bəlkə də ən ümdə vəzifələrindən biridir. Bu vəzifəni yarım əsrlik zaman boyu şərəflə daşımaq isə əsil hünərdir. Bu hünər sahibi qeyd etdiyimiz kimi böyük bir ömür yolu keçib. Qoy bu yol göz işlədikcə uzansın.
Çünki bu yol boyu onun öz oxucularına hələ deyəcəyi çox sözü var. Hələ misralara düzülməyən çox şerləri, hələ tamamlanmayan çox əsərləri var.Tanrı möhlət versin, səksəni aşsın, doxsana çatsın, yüzü də haqlasın!
Zərxanım Əhmədli