Ukraynalı vokalçı “Seviliya bərbəri” opera tamaşasında çıxış edəcək
28 Fevral 2014 13:29 MədəniyyətMartın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında itailyalı bəstəkar Coakkino Rossininin "Seviliya bərbəri" operasının tamaşası keçiriləcək. Tamaşada əsas partiyalardan biri olan Almavivanı ifa etmək üçün teatrımızın rəhbərliyi Ukrayna milli operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı dəvət edəcək. Ukraynalı vokalçı öz vətənində çıxış etməklə yanaşı, dünyanın bir sıra ölkələrində - Almaniya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Çin, Əlcəzair və s. qastrol səfərlərində olub. Tamaşada həmçinin milli operamızın aparıcı solistləri - xalq artistləri Əvəz Abdullayev (Fiqaro), Əli Əsgərov (Bazilio), Əməkdar Artistlər İnarə Babayeva (Rozina), Əkrəm Poladov (Doktor Bartolo), Səbinə Əsədova (Berta) və b. çıxış edəcək. Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək.