Teatrın gənc solisti Berlindən mükafatla qayıtdı
27 Fevral 2014 16:50 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc və istedadlı solisti, Azərbaycan Respublikası Prezidenti mükafatçısı 19 yaşlı Ayan Eyvazova 17-21 fevral tarixlərində Almaniyada keçirilən çox nüfuzlu beynəlxalq müsabiqədə laureat olub. Ayan bu müsabiqədə Azərbaycanı təmsil edərək klassik rəqs nominasiyası üzrə qalib olmuş və bürünc medal qazanıb.
"TANZOLYMP" adlanan müsabiqə Berlin şəhərində baş tutub. Müsabiqədə bir sıra ölkələrdən - ABŞ, Yaponiya, Rusiya, Belorus, İtaliya, İspaniya, Almaniya və s. nümayəndələr iştirak edib. Müsabiqənin münsiflər heyətində bir sıra dünya şöhrətli balet mütəxəssisləri, o cümlədən Rusiyadan V.Vasilyev, V.Malaxov, S.Filin və b. təmsil olunub.
Qeyd edək ki, 2012-ci ildə Bakı Xoreoqrafiya Məktəbini əla qiymətlərlə başa vuran Ayan Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə 2012-2013-cü tədris ilində Moskva Dövlət Xoreoqrafiya Akademiyasında stajartırma kurslarında təhsil alıb. 2013-cü ilin sentyabrından Opera və Balet Teatrının balet truppasında çalışır.