Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə əlaqələr durmadan inkişaf edir

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində (AMƏM) Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz ilə görüş keçirilmişdir.  Görüşdə bu təhsil ocağının professor-müəllim heyəti, ədəbiyyatşünas və dilçi alimlər iştirak etmişlər.  Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AMƏM-nin yeni yaradıldığını bildirmiş, onun fəaliyyəti haqqında məlumat vermişdir. Bildirmişdir ki, Mərkəzdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı müxtəlif tədbirlər keçirilir və bu istiqamətdə işimiz davam edəcəkdir.

Nizami Cəfərov Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə, o cümlədən mədəni istiqamətdə əlaqələrin durmadan inkişaf etdiyini bildirmişdir. Onun sözlərinə görə, mədəni dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyət və incəsənətimiz bir kökdən qaynaqlanır. N. Cəfərov ümumi türk tarixinin yazılması və bütün türkdilli dövlətlərdə öyrənilməsi, ümumi türk əlifbasının yaradılması istiqamətində görülən işlər və bu əlifbanın türkdilli dövlətlərdə tətbiqi imkanları, Azərbaycanda latın əlifbasına keçidin səmərəsi və digər məsələlər haqqında söhbət açmışdır.

Yunus Oğuz Daşkənddə özbək dilində çap edilmiş "Əmir Teymur" romanının yaxşı qarşılandığını bildirmiş, bu əsərin rus dilində nəşrə hazırlandığını qeyd etmişdir. AzərTAc

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31