“Məhəbbət, Məhəbbət” dedim, gördüm səs gəlmir”

"Əməkdar artist Məhəbbət Kazımov yarım saat əvvəl evində dünyasını dəyişib. Müğənni epilepsiyadan vəfat edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, təcili yardım həkimləri evə çatanda, yəni saat 11:03-də müğənni artıq keçinmişdi. Təcili tibbi yardımdan verilən məlumata görə, müğənni təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirmiş..."

Bir gün əvvəl bu xəbər bütün Azərbaycanı sarsıtdı. Səhər saatlarında vaxtsız, vədəsiz yetişən ölüm xəbəri ailə üzvləri ilə yanaşı Məhəbbət Kazımovun sənət dostlarını, eləcə də müğənni Bahar Lətifqızını bərk sarsııdıb. O son görüşlərindən danışır: "Mən maşınla iş arxasınca gedirdim. Radioda eşitdim ki, Məhəbbət Kazımov dünyasını dəyişib. İnanmadın, zəng vurub məlumatın doğru olub-olmadığını öyrəndim. Özümə gələ bilmədim, maşın sürə-sürə ağlayırdım. Sonra evlərinə getdim. Onun hərəkətsiz bədənini görəndə isə özümü itirdim. Məhəbbət müəllimə mənim həm bir insan, həm də böyük sənətkar kimi böyük hörmətim var idi və elə də qalacaq. O insan əvəzolunmaz səs sahibi və müdrik insan idi. Axırıncı dəfə 4-5 gün öncə görüşmüşdük. Məni qucaqlayıb dedi ki, qızım, əsas canının sağlamlığını qoru. Səsi qulağımdan hələ də getməyib. Allah rəhmət eləsin, ailəsinə və doğmalarına səbr versin. Balaları sağ olsun".

Qarabağın işğal altında olduğuna inanmırdı. Azərbaycanı Qarabağsız, Qarabağı isə Azərbaycansız təsəvvürünə gətirə bilmirdi. Yaxın zamanlarda sevərək, cani-qəlblə ifa etdiyi "Laçınım"ı Qarabağda səsləndirəcəyini düşünürdü. "Məni yaşamağa vadar edən səbəblərdən biri də  Qarabağa geri qayıtmaqdır" deyirdi: "Qarabağ bir əsr deyil ki, işğal altındadır. Mən Qarabağ torpaqlarının işğal olunmasına inanmıram. Ümid edirəm ki,  Allahın köməkliyilə Qarabağ geri alınacaq. Azərbaycanı Qarabağsız, Qarabağı da Azərbaycansız təsəvvür etmək mümkün deyil. Yaxın zamanlarda, "Laçınım" mahnısını doğulub boya - başa çatdığım torpağımda  ifa edəcəm.  Məni yaşamağa vadar edən səbəblərdən biri də  Qarabağa geri qayıtmaqdır. İşğal olunan torpağımın azad olunmasını görsəm rahat ölərəm. O zaman mən rahatlıq  taparam".

Sənət yoldaşları mərhumun xoşxasiyyətli bir insan olduğunu deyir. Elə Yusif Mustafayevin də Məhəbbət Kazımovla bağlı xatirələri az olmayıb. Ölüm xəbərinə inana bilməyən ifaçı üçün bu xatirələri yada salmaq çətin oldu: "Hazırda hüzr yerindəyik. Ölümünə inanmaq çətindi. Məhəbbət, Baloğlanla mən həmişə oturub söhbət edər, zarafatlaşardıq. Xatirələrə gəldikdə....hələ ki şokdayam, heç nə xatırlaya bilmirəm. Ölüm xəbəri ilə barışmaq çətindi. Özünəməxsus aurası var idi. Gözəl, saf bir insan idi. Allah o dünyasını versin, balalarına, ailəsinə can sağlığı bəxş etsin".

Yuxularında Laçını görürdü. O, yaşının neçə olmasından asılı olmayaraq torpağını geri qaytarmaq üçün hər şeyə hazır olduğunu deyirdi: "Mənə  qəribə gələn də budur ki, yaşlaşdıqca, illər keçdikcə Laçına doğru getdiyimi düşünürəm. Yəni, o Laçın həsrəti, Laçın nisgili zaman keçdikcə daha da böyüyür. Zaman keçdikcə insanın sanki, ağrısı da, acısı da, nisgili, həsrəti də böyüyür. Yuxumda da kəndi başdan ayağa gəzirəm. Çox vaxt da bunu məşq olaraq edirəm ki, yadımdan çıxmasın. Gördüyüm o mənzərələr yaddaşımdan itməsin. Tez - tez onu təzələyirəm.  Mənə hərdən elə gəlir ki, hər şeyi bir kənara qoyub, hər şeydən imtina edib savaşa başlamaq lazımdır. Yaşımın bu vaxtında belə, torpağımın geri qayıtması üçün hər şeyə hazıram. Ali baş komandan döyüş əmri versə, ilk olaraq mən əlimə silah alıb döyüş bölgəsinə yollanacam".

Baloğlan Əşrəfovun da sənət yoldaşı haqda xatirələri az olmayıb. Uzun illər onlar ölkəmizin müxtəlif rayonlarını addım-addım gəziblər: "İslam Rzayevin ansamblı ilə təxminən 10 il Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzmişik. Məhəbbət çox gözəl səsi olan ifaçı idi. Allah-təala ona boy-buxun, yaraşıq da vermişdi, özünəməxsus ifa tərzi vardı. Səsinin zili, bəmi də yerində idi. Bəzi ifaçılar var ki, zili yerində olsa da bəmi yerində olmur. Bir yerdə oturub çörək yemişik, zarafatlarımız olub".

-Türkiyədə əməliyyat olunanda da tez-tez sizinlə əlaqə saxlayardı...

-İndi istəməsin, xətrimi çox istəyirdi. Türkiyədə məlum xəstəliklə bağlı əməliyyat olunduqdan sonra zəng etmişdi, adımı dedi, sonra səsi kəsildi. Həyəcandan danışa bilmirdi. "Məhəbbət, Məhəbbət" dedim gördüm, səs gəlmir. Dostu telefonu alaraq cavab verdi ki, Məhəbbət kənara çəkilib hönkür-hönkür ağlayır. Yaxşı dost, yaxşı sənətkar, gözəl insanı itirdik.

-Xaraktercə yadınızda necə qaldı?

-Xaraktercə onda ciddiyət vardı. Kişi müğənnilərinin geyim-keciminə fikir verirdi. Yeri gələndə sözünü birbaşa deməyi bacarırdı. Qastrol səfərlərində o qədər maraqlı xatirələrimiz olub ki. Amma heç zaman bir-birimizlə rəqabət aparmamışıq. Həmişə aramızda qarşılıqlı hörmət olub.

-Ölüm xəbərini eşidəndə?..yəqin ki çox sarsıldınız

-Sarsıldım da sözdü... Agentliklərin birindən səhər tezdən onun ölüm xəbəri ilə bağlı zəng gələndə inanmağım gəlmədi. Dərhal məlumatı dəqiqləşdirmək üçün zəng edəndə informasiyanın dəqiq olduğunu öyrəndim. Heç ora necə getdim, özüm də bilmədim. Onun üçün məhəbbət də uca zirvə idi. Deyirdi ki, dünyada hər şey məhəbbət üzərində qurulub. Məhəbbəti sirri açılmayan dünya kimi təsəvvür edirdi: "Dünyada hər şey məhəbbət üzərində qurulub. Məhəbbət elə bir dünyadır ki, hələ onun sirri açılmayıb. Tarixdə qalan hadisələr isə hamısı əfsanədir. Əlbəttə ki, söhbət əsl məhəbbətdən gedir. Məhəbbət, məncə, dünyanın açarı deməkdir. Sevmək məndə olmayıb. Sevgi hər şeyə ola bilər. Mən vətənimi - Azərbaycanımı çox sevirəm". Həmyerlisi, bədihə ustası Namiq Məna da sənətkar haqda təəssüratlarını bizimlə bölüşdü. O deyir ki, "Laçın"ı oxuyanda çox kövrəlirdi: "Öz dəsti-xətti olan sənətkar idi. Səs ahəngi əvəzolunmazlığı, təkrarsızlığı ilə seçilirdi. Səsi həmişə seçilərdi. Bu hər sənətkara məxsus olmayan keyfiyyətdi. Çox vətənpərvər, mərd insan olub. Qəlbində yurd, el-oba nisgili var idi... "Laçınım"ı oxuyanda hər zaman kövrəlirdi. Elə ifa edirdi ki, səsi hamıda kövrək anlar yaradırdı...".

-Məclislərdə də tez-tez bir yerdə olurdunuz. Hansı xatirələriniz qalıb?

-Məclislərdə birgə olanda ikilikdə gözəl ab-hava yaradırdıq. O muğam oxuyur, mən isə bədihə deyirdim. Onun səsi ruhumu tərpədirdi. Çox gözəl səs ahəngi vardı. Bir sıra el şənliklərində görüşmüşük. Kişiyə məxsus olan bütün xarakterlər onda cəmlənmişdi. Hər bir hərəkətinə fikir verirdi. Səsi neçə illərin təcrübəsinə söykənirdi. Özünə məxsus fanat ordusu ilə həmişə seçilərdi....

-Son görüşünüzü necə xatırlayırsınız?

-Sonuncu dəfə el şənliyində rastlaşımışdıq. Həmişəki kimi söhbətləşdik. Daxilən zəngin, ağayana insan idi.

-Ölüm qorxusu necə, var idi?

-Yox, heç vaxt onda belə bir şey hiss etməmişəm. O da bilirdi ki, bir gün gələn bir gün getməlidi. Xəstəlikdən belə qorxduğunu hiss etməzdim.

-Verdiyi müsahibələrinin birində şou-biznes haqda da danışmışdı. Bizdə şou-biznesin hələ tam olaraq ifadə etdiyi məzmunu daşımamasından gileylənirdi. Deyirdi ki, göbəyini açıb oxumaq şou-biznes demək deyil: "Şou-biznes bütün dünyada qəbul olunub. Amma Azərbaycanda təzə-təzə ayaq tutub yeriyir. İçində özüm olmaq şərtilə, bizim şou-biznesdən bir qram da anlayışımız yoxdur. Şou-biznesi başqa cür anlayırıq. Bu biznes növü dünyada qəbul olunmuş bir biznesdir, həm dövlətə, həm insanlara, həm incəsənət xadimlərinə gəlir gətirən sahədir. Amma bizdə elə deyil. İfadəmə görə çox üzr istəyirəm, kimsə göbəyini açıb göstərir, elə bilir şou-biznesdir. Qardaş dövlətimiz olan Türkiyədə Zəki Mürən adında böyük müğənni var idi. Türkiyə boyda dövlət Zəki Mürəndən kredit alırdı. Bax, şou-biznes budur. Şou-biznes o deyil ki, kimsə kimisə efirdə, qəzetdə söysün, gündəmə gəlmək üçün filan sözü, bəsməkan sözü desin. Bizneslə pul qazanmaq lazımdır. Bizdə pul qazanmaq, sənət nümayiş etdirmək əvəzinə, kimsə kimisə təhqir etməklə məşğuldu".

17-18 yaşlarından onunla dost olduğunu deyən Cavanşir Məmmədov hələ də bu sarsıdıcı xəbərin təsirindədi: " Mən ona dost-qardaş kimi ölən günədək yaxın olmuşam. 40 ildir ki dost olmuşuq. 17-18 yaşlarından bir yerdəyik". Müğənni hazırda mərhum sənətkarla bağlı xatirələri yada sala bilmədi: "O vəziyyətdə deyiləm. Saat 12-də dəfn mərasimi olacaq. Hazırda yasına gedirəm".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31