Mirzə Cəlilin “Ölülər” əsərinin 1966-cı il tamaşası haqqında

1966-cı ildən başlayaraq klassik ədəbiyyatımızın nəhəng simalarından biri, görkəmli yazıçı dramaturq, nasir və böyk ədib olan C. Məmmədquluzadənin 100 illik yubileyini bütün ölkə miqyasında qeyd etmək üçün böyük tədbirlərə start verildi. Bu silsilə tədbirlərin davamı kimi o zaman M.Əzizbəyov adına Akademik Dram Teatrının kollektivi böyük dramaturqa öz töhvəsini vermək üçün onun "Ölülər" əsərinə yeni səhnə həyatı verməyi qərara aldı.

Bildiyimiz kimi "Ölülər" əsəri Azərbaycan səhnəsində 1916-cı ildən başlayaraq dəfələrlə oynanılmışdır və hər dəfə tamaşaya qoyulandan sonra böyük mübahisələrə səbəb olmuşdur. Əsərin quruluşçu rejissoru o zaman Əməkdar incəsənət xadimi olan Tofiq Kazımov özündən əvvəl tamaşaya qoyulmuş bütün "Ölülər"i ətraflı təhlil etdi. O, elə bir tamaşaya nail olmaq istəyirdi ki, böyük ədibin 100 illik yubileyinə layiq olsun. Bildiyimiz kimi tamaşada təkcə rejissorun bacarığından asılı olmayan rollar da vardır ki, bu rolların biri Şeyx Nəsrullah rolu idi. Şeyxin dilində çətin anlaşılan çoxlu qəliz ərəb və fars sözləri olduğundan bu rolun ifası həm rejissordan, həm də bu rolu oynayacaq aktyordan böyük məharət tələb edirdi. Hər şey şeyxin bu rolu necə oynamasından, ərəb və fars sözlərini necə tələffüz etməsindən asılı idi. Bu məqsədlə Respublikada ərəb və fars dillərinin ən gözəl bilicisi ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının baş müəllimi Əli Fəhmi Akademik Teatra dəvət olunur. Əli Fəhminin arxivini araşdırarkən böyük alimin "Ölülər"lə bağlı Akademik Dram Teatrındakı fəaliyyəti ilə ətraflı tanış oldum. Əsəri oxuyan və ya ona tamaşa edən çoxları elə bilirdi ki, Şeyx Nəsrullahın ifasında səslənən ərəb və fars sözləri heç bir məna ifa etməyən söz yığınıdır. Lakin Əli Fəhmi bu fikirləri alt-üst edərək bildirir ki, bu ərəb və fars sözlərinin hər birinin ayrılıqda bir mənası vardır. Bu sözlərdə onlarla atalar sözləri və məsəllər var. Şeyx Nəsrullah isə sadəcə fırıldaqçı İsfahan lotusu deyil, dövrünün yaxşı din təhsili görmüş bir şeyxidir.

Səhnə və teatr mədəniyyətini ədəbiyyatşünaslıq elmi ilə bir atanın doğma övladları kimi səciyyələndirən Əli Fəhmi Akademik Teatra qədəm basan kimi hər şeydən öncə Şeyx Nəsrullah rolunu oynayacaq aktyorla maraqlanır. Bu hadisəni Ə.Fəhmi M.Dadaşov haqqında yazdığı məktubda belə xatırlayır: "Bu əsərdə ən çətin qəliz, dolaşıqlı, indiki kollektiv üçün anlaşılmaz, ağır olan bir dildə danışan Şeyxin sözlərini düzgün ifadə etmək, onun obrazını müəllifin istədiyi kimi tamaşaçıya çatdırmaq bugünkü aktyorların bacarığına müvafiq deyildi. Ona görə də məni ancaq bu rolun ifasını öhdəsinə götürən o cəsarətli aktyor maraqlandırırdı". Əli Fəhmi Məlik Dadaçovla söhbət əsnasında ilk növbədə ondan ərəb fars dilləri ilə aşina olub-olmadığını soruşur. Lakin M.Dadaşovun nəinki bu dilləri bilməməsi, heç bir axund və molla məclislərində belə olmaması onu məys edir. Bunu başa düşən hörmətli aktyorumuz Əli Fəhmiyə: "Əli müəllim, siz heç məyus olmayın. Mənimlə bir ay məşğul olsanız söz verirəm ki, bu işin öhdəsindən gələrəm". Sonralar Ə.Fəhmi xatırlayırdı ki, onun bu sözləri məni ruhlandırdı və mən onunla gündə 6 saat məşğul olmağa razı oldum.

Əli Fəhminin Akademik Teatrdakı fəaliyyəti təkcə Məlik Dadaşovu Şeyx Nəsrullah rolunu hazırlamaqla bitmədi. Böyük şərqşünas alim teatrda çalışdığı dövrdə teatr işçiləri, aktyorlarla söhbətlər edir, onlar üçün maraqlı mühazirələr oxuyurdu. O, teatrda "Klassik poeziya tarixi və onun əsas janrları", "Klassik lirikamızda ictimai motivlər", "Yaxın Şərq ədəbiyyatında Leyli və Məcnun mövzusu", "Klassiklərimiz bədii söz sənətkarlığı haqqında", "Yaxın Şərq ədəbiyyatında eşq məhəbbət motivləri- məcazi, həqiqi, platonik, və ülvi eşqlərin tərənnümü" adı ilə 5 mühazirə oxuyur. Bu mühazirələri dinləyən aktyorlar Xosrov eşqinin maddi cinsi, Fərhad eşqinin həqiqi, Sənan eşqinin platonik və ülvi eşq olduğunu anlayırdı. Hacı Həsən rolunun ifaçısı M.Şeyxzamanov və Hacı Baxşəli rolunun ifaçısı S.Hüseynovun birgə yazdıqları minnətdarlıq məktubunda deyilir: "Əli Fəhminin bu əməyi teatr tariximizdə bir ənənə olub. Onu bərpa etmək daha da inkişaf etdirmək Azərbaycan teatrının yenidən çiçəklənməsi dövrünə ən böyük xidmətdir".

Teatr kollektivi ilə bir yerdə çalışmaq Əli Fəhmi üçün də çox xoş idi. Kollektivlə söhbətlərində Ə. Fəhmi deyirdi. "Mən böyük ədibimizin xatirəsinə bir daha minnətdaram ki, o, məni ömrü boyu hörmət bəslədiyim bu qoca kollektivlə birləşdirdi və mənim üçün bir çox səhnə hikmətlərinin aydınlaşmasına səbəb oldu".

Məlumdur ki, Şeyx Nəsrullah rolunun hazırlanması təkcə Əli Fəhmidən asılı deyildi. Burada M.Dadaşovun bacarığı da şübhəsiz ki, böyük rol oynamalı idi. Əli Fəhmi xatırlayır. "M.Dadaşov o qədər çətin ibarələri bir iki dəfə eşitməklə fotoqraf lövhəsi kimi cəzb edib bir-iki gün sonra istədiyim kimi mənə qaytarması məni heyran etdi".

Əsərin premyera tamaşasından sonra əvvəl Akademik Teatrda, daha sonra isə Respublika mətbuatında qızğın müzakirələr başlandı. Qocaman aktyor Azərbaycanın ilk xalq artisti Hacıağa Abbasovun fikri çox maraqlıdır. O, yazırdı: "Mən bu gün Məlikin bu cür ifa etdiyi Şeyx Nəsrullh rolunu 50 dəfədən artıq oynamışam. Məni bu rola hazırlayan "Ölüllər" müəllifinin yaxın dostu və Şeyx Nəsrullahın ilk ifaçısı Əliqulu Qəmküsar olmuşdur. Bu gün etiraf edirəm ki, M.Dadaşov bu rolu məndən yaxşı oynadı". Tanınmış yazıçı, tənqidçi, fars dilinin gözəl bilicisi Q. Məmmədli isə yazırdı: "Məlik sağ olsun ki, bu çətin işin öhdəsindən yaxşı gəldi". Əsərin quruluşçu rejissoru Tofiq Kazımov "Kommunist" qəzetinin 4 iyun 1967-ci il nömrəsində dərc etdirdiyi "Ölülər" ölməzdir" başlıqlı məqaləsində Şeyx Nəsrullah rolunun onu tamamilə təmin etməsindən danışır. Lakin tamaşanı kəskin tənqid atəşinə tutanlar da var idi. Tamaşa haqqında bu yazını hazırlayarkən "Ədəbiyyat və incəsənət" qəzetinin 8 may 1967-ci il nömrəsində Əziz Şərifin yazısı ilə tanış oldum. Müəllif bütün aktyorlara tənqidi yanaşsa da, Şeyx Nəsrullah rolu haqqında susmuş, M. Dadaşovun aktyorluq məharətini bəyənmişdi. Buna isə M. Dadaşov heç şübhəsiz Əli Fəhminin gərgin əməyi ilə nail olmuşdu. Tanınmış teatr tənqidçisi Cəfər Cəfərov "Kommunist" qəzetinin 24 yanvar 1967-ci il nömrəsində yazırdı: "Bu tamaşa böyük ədibin 100 illiyinə həsr olunsa da yubiley xatirinə verilən tamaşa olaraq qalmadı. Şeyx Nəsrullah (M.Dadaşov) isə farsca və ərəbcə yaxşı danışdığı kimi mətnin mənasını da düzgün bilir və xarakteri bu mətn daxilində düşünıb canlandırır".

Tamaşa haqqında mətbuatda aparılan uzun müzakirələrin son yekunu belə oldu: "Ölülər"in 1966-cı il tamaşası indiyə qədər hazırlanmış tamaşaların ən yaxşısı, Məlik Dadaşov isə Şeyx Nəsrullah rolunun ən yaxşı ifaçısıdır. Görkəmli aktyorumuz sonralar həmişə deyərdi: "Əli Fəhmi olmasaydı mən aktyor ola bilməzdim. Məni Şeyx Nəsrullah roluna hazırlayarkən o sözlər ki, Əli Fəhminin dilindən çıxırdı, adam Şeyxin ölüləri doğrudan da dirildə biləcəyinə inanmaq istəyirdi". M. Dadaşovun Əli Fəhmi ilə yaxnlığı sonralar da davam etmişdi. Bir müddət sonra M. Dadaşov H. Cavidin "Xəyyam" obrazına hazirlaşanda Əli Fəhminin fitri istedadından bəhrələnmişdi. M. Dadaşovla işləmək böyük alim üçün də xoş idi. O, Ə. Fəhmini özünün müəllimi, Əli Fəhmi isə M. Dadaşovu özünün şagirdi hesab edirdi. Əli Fəhmi xatırlayır ki, həmişə M. Dadaşovla çalışanda Sədinin aşağıdakı misrasını xatırlayırdım. "Naze şagirdi honərmənd be ustad rəsəd". (yəni hünərli, bacarıqlı şagirdin nazını həmişə müəllimi çəkər).

Yeqzar Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31