“Cənub Mirvarisi" adlı ekoturizm və mədəni turizm marşrutu üzrə infotur keçirilib
10 Dekabr 2013 14:27 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Vektor" turizm şirkətinin və Masallı rayonundakı "Viləş" mehmanxanasının təşkilatçılığı ilə turizm şirkətlərinin iştirakı ilə Salyan-Lənkəran-Masallı bölgəsi istiqamətində "Cənub Mirvarisi" adlı ekoturizm və mədəni turizm marşrutu üzrə infotur keçirilib.
İnfoturda 24 turizm şirkəti, 15 nəfər media nümyəndəsi iştirak edib. Belə bir infoturun keçirilməsinin məqsədi ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafında həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq regionlarda yaradılan və müasir standartlara cavab verən, yerli və xarici turistlərə xidmət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin, eləcə də turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud olan digər xidmət sahələrinin turizm şirkətlərinə təqdim olunmasıdır. "Cənub Mirvarisi" adlı turizm marşrutunun yaradılması və pasportlaşdırılması layihəsi çərçivəsində turizm potensialı ilə zəngin olan cənub bölgəsinin təbii, mədəni və tarixi irsinin, həmçinin milli folklor və mətbəx nümunələrinin turizm şirkətləri və media vasitəsilə bir daha tanıtmaq və təşviq etmək imkanı yaradılır. ("OLAYLAR"İA)