Beynəlxalq Milad İncəsənət Festivalı keçirilir
10 Dekabr 2013 12:01 MədəniyyətDekabr ayının 1-dən 19-dək Novosibirsk şəhərində X Beynəlxalq Milad İncəsənət Festivalı keçirilir. Festival tədbirlərində iştirak etmək üçün Novosibirskə teatr və musiqi sənətinin ulduzları dəvət olunublar. Bu ilin Milad Festivalı dekabr ayının 1-də Filarmoniyanın A. Kats adına yeni konsert zalında dünya şöhrətli pianoçu Mixail Pletnevun Novosibirsk Filarmonik orkestrinin müşayiəti ilə olan konserti ilə başlayıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Novosibirsk Akademik Filarmonik orkestrinin əfsanəvi skripkaçı Jan Lyuk Ponti ilə konserti keçirilib. Konsertin birinci hissəsində dirijor Əyyub Quliyev və Novosibirsk orkestri C. Gerşvinin "Amerikalı Parisdə" simfonik poeması və L. Bernstaynın "Vestsayd əhvalatı" müziklindən simfonik rəqsləri ifa edib. Konsertin ikinci hissəsində isə Jan -Lyuk Ponti skripkada müəllifi olduğu və Rusiyada ilk dəfə səslənən "Bombey yolunda", "Onunla bağlı son xatirələr", "Metamarfozlar", "Arzular dogrulur", "Həyat formaları", "İrəli və geri" adlı jaz kompozisiyalarını dinləyicilərə təqdim edib. ("OLAYLAR"İA)