“Qanlı vadi” romanı çap edilib
İ.Əliyevin kitabı qanlı qətllərdən bəhs edir
9 Dekabr 2013 16:22 Mədəniyyət"Adiloğlu" nəşriyyatında çap olunmuş roman yazıçı-publisit İlham Əliyevin oxucularla ikinci görüşüdür. Sadə, oxunaqlı dildə, detektiv janrında yazılmış "Qanlı vadi" müstəqilliyin ilk illərində Azərbaycanda baş vermiş qanlı qətllərdən bəhs edir. Roman maddi çətinlik üzündən pis yola düşmüş, fahişəlik etməyə məcbur olmuş gənc Afaqın başına gələn hadisələrlə başlayır. Cinayətkar adamlarla oturub-duran Afaq özü də bilmədən ağır cinayət planına şahid olur və bununla da onun faciəsi başlanır. Roman başlanandan oxucu həyəcanla Afaqın başına gələnləri izləyir. Onu bir sual düşündürür: Afaq özü də bilmədən düşdüyü bu qanlı vadidən çıxacaq, ya bu vadidə çabalaya-çabalaya öz qanında boğulacaq? Gənc yaşında qaynar paytaxt həyatına atılmış, cinayətkarların arasına düşmüş, bir daha sağlam həyat qayıdacağına ümidi olmayan Afaq kənd müəllimi Natiqin mənəvi dəstəyi, Mərdanın inamı və sevgisi sayəsində normal həyata dönür. Əsər pozitiv mesajları ilə diqqəti çəkir. Heç bir yol, o cinayət olsa belə, əbədi deyil. İnsan özündə iradə tapmalı və sağlam həyata dönməlidir. Birinci yolda pul, əyləncə, eyş-işrət olsa da, uzunömürlü deyil. İkinci yolda isə insanı maddi çətinlik, pis güzəran tapa bilər. Amma insan təmiz adını, sağlam, cəmiyyətə faydalı həyat tərzindən heç zaman imtina etməməlidir. OLAYLAR