Azərbaycanlı müğənni sükuta son qoydu
9 Dekabr 2013 11:42 MədəniyyətSon illərdə keçirdiyi layihələrlə cəmiyyətin maraq dairəsinə düşən ifaçı Bəyimxanım Vəliyeva dekabrın 18-də Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək. "Olaylar" ın məlumatına görə, iki saatlıq konsert proqramında gecənin ulduzlu qonaqları qismində xalq artisti Samir Cəfərov və hər kəsin, özəlliklə də xanımların sevimlisi Namiq Qaraçuxurlunun iştirakı gözlənilir. Bəyimxanımın sözlərinə görə, konsert proqramı rəngarəng musiqilərlə zəngin olacaq. Gecədə muğam, xalq mahnıları, klassik əsərlər və son illərdə ifasında sevilən bəstəkar mahnılarının səslənməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bəyimxanım Vəliyeva 1993-cü ildən sənətdə ilk addımlarını atmağa başlayıb. Həmin il ilk dəfə "Bənövşə mahnı və rəqs ansamblı"nın solisti kimi Azərbaycan Dövlət Televiziyasında "Nargilə" mahnısı ilə çıxış edib. 1995-ci ildə Respublika üzrə keçirilən baxçalar və məktəblər arası müsabiqədə "Ananın səsi" mahnısı ilə "Qran-pri", 1997-ci ildə "Pöhrə-97" müsabiqəsinin "Qran-pri" mükafatına layiq görülüb. Daha sonra respublika üzrə keçirilən bir sıra muğam müsabiqələrinin laureatı da olub. 2000-ci ildən Fransa, Almaniya, Kanada, ABŞ, Sibir, Moskva, İtaliya, Birləşmiş Ərəb Əmirliyi, Yalta, Ukrayna, İzrail, Qazaxıstan, Qırğızıstan və s. kimi dövlətlərdə Azərbaycan muğam və xalq mahnılarını layiqincə təmsil edib. 2005-ci ildə keçirilən I Muğam Televiziya müsabiqəsinin qalibi olub.
Bülbül adına orta ixtisas musiqi məktəbini fərqlənmə, Azərbaycan milli Konservatoriyasının bakalavr və magistr pillələrini də fərqlənmə diplomu ilə bitirib.
Bəyimxanım Türkiyə və İzraildə də Solo konsert proqramı ilə çıxış edib. Azərbaycanda isə ilk solo konsertidir. Bəyimxanım Azərbaycan Dövlət Televiziyasının solistidir və Azərbaycan Milli Konservatoriyasında "Konsertmeyster-müəllim" vəzifəsində çalışır.