Ağ ölüm haqda film çəkilib

Bütün dünyada sosial problemə çevrilən ağ ölüm haqqında 20 seriyalı film çəkilir. Ssenari müəllifi və quruluşçu rejissoru Nadir Muqbilov olan "Ağ ölümün kölgələri" adlı serialda döyüş səhnələrinə xüsusi yer ayrılıb. Eyni zamanda serial ağ ölümə qurşananların faciəli həyatını nümayiş etdirəcək.  Çəkilişlərinə start verilən filmdə əməkdar artistlər Suğra Bağırzadə, Azad Şükürov, Aydın Əliyev, eyni zamanda Ənvər Həsənov, Rəşad Kəsəmənli və müğənni kimi tanıdığımız Cəvahir Abdulova və başqaları rol alıblar. Cəvahir xanım rejissorun ekran işinin cəmiyyət üçün çağırış xarakterli olduğunu söyləyir: "Təəssüf  ki, cəmiyyətimizdə pis vərdişlərdən əziyyət çəkən insanlar var. Bu filmdə ağ ölüm istifadəçiləri sanki kənardan özlərini izləyib, hansı duruma düşdüklərini görəcəklər. Ümid edirəm ki, serial, onları pis vərdişdən uzaqlaşdırmağa bir vasitə olacaq. Filmdə bunula yanaşı, cəmiyyətimizdə problemə çevrilməkdə olan müxtəlif məqamlar da əksini tapacaq". Xatırladaq ki, film "MM" studio, Zoom Film Company və Azərbaycanfilm Kinostudiyasının birgə istehsalıdı. Filmin ikinci rejissoru Fikrət Məmmədov, səs operatoru Eldar Şahverdiyev, prodüseri Elçin Ağayev, bəstəkarı Zaur Zeynaldır.

Qeyd edək ki, filmin rejissoru Nadir Muqbilov bundan öncə "Hökm", "Qara bazar"  və "Prokuror" filmlərini ekranlaşdırıb. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31