Daha bir məşhur Hollivudda ulduz aldı
Şöhrət Xiyabanındakı 2514-cü ulduz meksikalı müğənni Taliaya aiddir
6 Dekabr 2013 18:54 MədəniyyətMeksikanın "pop kraliçası" adlandırılan, eyni zamanda, bütün dünyada məşhur Latın Amerikalı müğənnilərdən biri olan Talia Hollivud Şöhrət Xiyabanında ulduz alıb. Belə ki, ötən gün Hollivud Şöhrət Xiyabanında açılışı olan sayca 2514-cü ulduz Talianın adını daşıyır. Müğənnini açılış mərasimində 13-illik həyat yoldaşı və meneceri Tommi Mottola müşayiət edib. Talia əldə etdiyi nailiyyətlərə görə, bütün onu sevənlərə və yaxınlarına təşəkkürünü bildirib. "Bir meksikalı kimi mənim üçün burada bütün dünyada böyük işlər görən Latın Amerkası qadınlarını təmsil etmək böyük şərəfdir. Bu, təkcə mənim üçün deyil, bizim hamımız üçün qürur hissidir. Həyatda mənə çox şey verdikləri üçün ailəmə, uşaqlarıma, həyat yoldaşım Tommiyə təşəkkür etmək istəyirəm. Bu gün mənim həm göydə bir ulduzum, həm də artıq yerdə bir ulduzum var. Bu gün bir ana, bir müğənni, bir qadın olaraq, arzum gerçəkləşib." 42 yaşlı müğənni, anasının onun Şöhrətlər Xiyabanında ulduzunun olmasını, onun özündən daha çox arzuladığını etiraf edib və anasının bu yolda çəkdiyi əziyyətlərdən danışarkən qəhərlənib. Meksikalı müğənninin albomlarının indiyədək bütün dünyada 40 milyondan çox nüsxəsi satılıb və onun dünya ölkələrində Top-10-a daxil olan 28 sinqlından 15-i 1-ci pillədə qərarlaşıb. ans