Xalq Artisti Elza İbrahimovanın yubileyi keçiriləcək

Dekabrın 5-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 75 illiyinə həsr olunacaq yubiley gecəsi keçiriləcək.
Bir çox elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının, musiqisevərlərin iştirak edəcəyi gecədə bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, mahnıları ifa olunacaq.
Filarmoniyanın foyesində isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı, sənətkarın həyat və yaradıcılığına həsr olunan sərgi nümayiş etdiriləcək.
Qeyd edək ki, Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) bəstəkarlıq şöbəsini bitirib.
"Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, romansların, sonataların, kvartetlərin və onlarla sevilən mahnıların müəllifidi. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.
Elza İbrahimova 11 fevral 2012-ci ildə 74 yaşında vəfat edib. "OLAYLAR" İA.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31