“Hasarın o üzü” tamaşasının təqdimatı olacaq
4 Dekabr 2013 16:37 MədəniyyətTeatr bu dəfə tanınmış kino-aktrisa, Azərbaycan Respublikasının Xalq Artisti Həmidə Ömərova və Akademik Milli Dram Teatrının aktyoru, Xalq Artisti Nurəddin Mehdixanlının iştirakı ilə yeni tamaşanın təqdimatına hazırlaşır. Dramaturq Əli Əmirlinin "Hasarın o üzü" adlı pyesi əsasında son məşqləri gedən eyniadlı tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdu.
Tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüşdür. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir. Ailə üzvləri bir-biri ilə kəskin və amansız mübarizəyə qoşulur.
Yeni səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir. Rolları Xalq Artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcək. Tamaşanın premyerası dekabrın 21 və 22-də baş tutacaq. "OLAYLAR" İA.