Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqında Yunus Oğuzla görüş keçirilib

Dekabrın 3-də  Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqında yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzla görüş keçirilib. Ölkənin ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə keçirilən görüşdə çıxış edən Tələbə Gənclər Təşkilatı İttifaqının Qarabağ mərkəzi nümayəndəsi Mahmud Sadıqov bildirib ki, Yunus Oğuzun müəllifi olan tarixi romanlar geniş oxucu kütləsinə malikdir və oxucular tərəfindən böyük maraqla qarşılanır. Onun tarixi romanlarının  tarixə dəyər verən, tarixi öyrənən gənclər üçün vasitə olduğunu deyən natiq müəllifin bundan sonra da oxuculara dəyərli əsərlər təqdim  edəcəyinə əmin olduğunu bildirdi.

ATGTİ-nin sədri Şahin İsmayılov isə çıxışında Yunus Oğuzun  təqdimata ehtiyacı olmadığını bildirib. O deyib ki, Azərbaycan, Türk tarixinin dərinliyini öyrənmək istəyənlər Yunus Oğuzun tarixi romanlarına nəzər yetirməlidirlər.Sonra söz yazıçı-publisist Yunus Oğuza verilib. O  bildirib ki, indi tarixi romanlar yazsa da, əvvəllər buna heç də maraq göstərməyib. Adətən şeirlər, pyeslər və hekayələr yazmağa üstünlük verdiyini deyən Yunus Oğuz  13 yaşından şeir və hekayələr yazdığını deyib və qeyd edib ki, sanki özü üçün bir "sandıq ədəbiyyatı" yaradıb. Tarixi romanlara gəlincə isə əsasən qədim türkləri tədqiq etməyə üstünlük verdiyini deyən Yunus Oğuz tarixi şəxsiyyət olan Attilaya böyük diqqətlə yanaşdığını və onu türk tarixində dahi sərkərdədən biri kimi dəyərləndirdiyini bildirib. Yunus Oğuz deyib ki, hətta almanlar da Attillanın mənsub olduğu qollarla fəxr edirlər.

Çıxışında "Nadir şah" romanına da toxunan yazıçı-publisist romanın ingiliscə çap edildiyini, Londonda təqdimatının keçirildiyini bildirib. Yunus Oğuz bildirib ki, ümumiyyətlə tarixçilər üçün əsas diqqət etdikləri məqam ondan ibarət olmalıdır ki, qələmə aldığı tarixi roman millətə, dövlətə və dövlətçiliyə xeyir versin. Eyni zamanda yazıçı öz obyektivliyini də qoruyub saxlamalıdır. Yunus Oğuz bir sıra ölkələrdə də tarixi romanlarının təqdimatının keçirildiyini bildirib və bir müddət əvvəl Qazaxıstanda, Özbəkstan və Qırğızıstanda "Əmir Teymur"  kitabının təqdimatının  olduğunu deyib. Yazıçı diqqətə çatdırıb ki, həmin vaxt bəzi özbək tarixçilər Əmir Teymur haqqında ən geniş tarixi məlumatları məhz Yunus Oğuzun kitabından əldə etdiklərini bildiriblər.

Tədbirin sonunda müəllifin  "Şah arvadı və cadugər" romanı tədbir iştirakçılarına paylanıb.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31