Londonda Kamal Abdullayevin “Yarımçıq əlyazma” əsərinin təqdimatı keçirilib

Londonda Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi tədbirdə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin "Yarımçıq əlyazma" əsərinin ingilis dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, Londondan olan ədəbiyyatşünaslar, ədəbi tənqidçilər, ictimai xadimlər, diplomatlar, teatrşünaslar, jurnalistlər və kitabsevərlər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov əsərin əhəmiyyətini vurğulayıb: "Kitab bizi tarixin keçmiş dövrlərinə, Azərbaycanın Rusiya İmperiyasının tərkib hissəsinə çevrilməzdən əvvəlki dövrlərə aparıb çıxarır. Bu kitab azərbaycanlı təfəkkürünün həqiqi çalarlarını əks etdirir".
Kitabın müasir dövrdən əvvəlki Azərbaycan tarixindən bəhs etdiyini bildirən K.Abdullayev kitabın mərkəzi xəttini "Kitabi-Dədə Qorqud"un mətninin təşkil etdiyini vurğulayıb. Bildirib ki, kitab Azərbaycanın İran və Türkiyə ilə olan qədim əlaqələrini əks etdirir və ölkəmizin tarixini anlamağa imkan verir. K.Abdullayev kitabın ikinci cildinin artıq tərcümə olunduğunu, üçüncü cildinin isə tərcümə ərəfəsində olduğunu bildirib. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31