Prezident İlham Əliyev: "YUNESKO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanınmasına geniş imkanlar yaradıb"

"Daim inkişaf edən və möhkəmlənən YUNESKO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanınmasına, onun nailiyyətlərinin dünyada nümayiş olunmasına geniş imkanlar yaradıb". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətində deyib. Müraciəti Baş nazirin müavini Elçin Əfəndiyev oxuyub. Azərbaycan Prezidenti müraciətində bildirib ki, Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz bayramının, xalqımzın maddi-mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin YUNESKO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir:
"Hörmətli sessiya iştirakçıları! Sizi Bakı şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurar diləyirəm.
Sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illiyinə təsadüf edir. Konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunub və mühüm layihələr gercəkləşdirilib. YUNESKO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azəraycan dövlətinin həmişə diqqət mərkəzində olub.
Cari ilin iyul ayında təhsil, elm, mədəniyyət və informasiya sahələrində əməkdaşlıq haqqında çərçivə sazişinin imzalanması ilə Azərbaycan və YUNESKO arasında qarşılıqlı faydalı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və qlobal cağırışların həllində birgə səylərimizin daha da gücləndirilməsinə əlverişli zəmin hazırlamışdır. Əminəm ki, sessiya öz qərarları ilə ümumbəşəri mədəni irsin qorunub saxlanması, dünya mədəniyyətləri arasında dialoq və anlaşmanın dərinləşməsi işinə layiqli töhfəsini verəcək". trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31