Gözlərim qəlbimin danışan dili… - POEZIYA

Gözlərim qəlbimin danışan dili,

Qəlbimsə Tanrının söz qəfəsidi.

Əsiri olduğum bəzəkli dünya,

Məni yaradanın öz qəfəsidi.

Gəlişi, gedişi sirr gizli ruhun,

Ölüm payı varmış hər gizli ruhun.

Dərgah hər bədəndə bir gizli ruhun,

Məzarsa bədənin "buz qəfəsi"di.

Ölümə əlac yox, dərdəsə ancaq,

Tapılsa tapılar "Bir"dəsə ancaq.

Göydə buludlarda, yerdəsə ancaq,

Kədərin yuvası "göz qəfəsi"di.

Atıb bəndəliyin daşını bir gün...

Atıb bəndəliyin daşını bir gün,

Alçala-alçala gedəm Tanrıya.

Sərhədsiz göylərin sığnacağında,

Yerlərdən şikayət edəm Tanrıya.

Qənim kəsilibdi yerə şər axı,

Dözürəm, bəlkə son yetişər axır.

"Üzüm də gəlməyir" nə qədər axı,

Gündə gileylənər adam Tanrıya.

Əllərim dizimdə, dizim yolunda,

Tapdım ürəyimə dözüm yolunda.

Eşqi sinəmdədi izim yolunda,

Demirəm özgəyəm, yadam Tanrıya.

Emil Rasimoğlu

Unutmaqçün yaşamağı öyrənirəm

Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.

Dar qəfəsdə hey vurnuxdum, hey vurnuxdum....

Bir qarışlıq bu hüdudsuz dünyam ki var,

Bu ucundan o ucuna, o ucundan bu ucuna,

Milyon kərə gəlib-çıxdım.

Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.

Alına da bilməzdi heç, Ürək dedi, ağıl dedi.

Ağıl dedi, ürək dedi.

Mən çox dedim nə faydası?!

Bircə kərə fələk dedi.

Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.

Unutmaqçün yaşamağı öyrənirəm yavaş-yavaş.

Sevinirəm.

Çünki, indi səbəbi var yaşamağın.

Həm də ayrı ləzzəti var,

Can üstündə, rəngi solmuş ümidləri,

Bu günümdən sabahıma daşımağın.

Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.

Unutmaqçün yaşamağı öyrənirəm yavaş-yavaş.

Unutmaqçün yaşamağı öyrənirəm yavaş-yavaş.

İntiqam Yaşar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31