Xalq Rəssamının sərgisi təşkil ediləcək

Noyabrın 29-dan dekabrın 10-a dək "Artist" Rəsm Qalereyasında (Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 3) görkəmli fırça ustası, Xalq Rəssamı Böyükağa Mirzəzadənin əsərlərindən ibarət sərgi təşkil ediləcək. 
Azərbaycanın rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 
Milli rəssamlığımızın zəngin ənənələrini öz yaradıcılığında əks etdirən, işıqlı kolorit və sərbəst ifa tərzi ilə seçilən Böyükağa Mirzəzadə təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan bənzərsiz fırça ustası olub. Onun böyük ustalıqla yaratdığı əsərlər Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırıb. Doğma Vətəninə, onun işi, zəhməti ilə seçilən insanlarına olan sonsuz məhəbbətini rənglərin dili ilə nümayiş etdirib. "Dirijor Niyazi", "Balerina Rəfiqə Axundova", "Akademik Məmməd Arif", "Aşıq Ələsgər", "Rejissor Şəmsi Bədəlbəyli", "Xalq Rəsssamı Səttar Bəhlulzadə", "Xalçaçı alim Lətif Kərimov", "Aktrisa Sona Aslanova"nın və onlarla digər tanınmış şəxsiyyətlərin obrazlarını yaradaraq, onların daxili mənəvi aləmini ustalıqla açıqlaya bilmişdir. Onun yaratdığı "Çənlər", "Günorta", "Çimərlikdə", "Sahildə estakada", "Fatmayıda hamam", "Neft daşları", "Babəkin yürüşü" və s. kimi tematik lövhələri Azərbaycan rəngkarlığının inkişafında özünəməxsus yer tutur. 
1965-76-cı illərdə Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində çalışan Böyükağa Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində də öz bənzərsiz fırçasını uğurla sınaqdan keçirmişdir. İ.Əfəndiyevin "Mənim günahım" pyesinə, Z.Bağırovun "Qaynana", İ.Kalmanın "Bayadera" musiqili komediyalarına bədii tərtibat verən rəssamın boyakarlıq və qrafika əsərləri ölkəmizin rəssamlıq sənəti tarixinə həmişəlik daxil olmuşdur. Qeyd edək ki, sərginin açılışı bu gün saat 19:00-da olacaq. "OLAYLAR" İA.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31