ADMİU-da Məmməd Arazın 80-illik yubileyi keçirildi
28 Noyabr 2013 17:29 MədəniyyətBu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir. Tədbiri giriş sözü ilə açan, rektor, professor Timuçin Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Məmməd Araza verdiyi yüksək qiyməti vurğulayaraq, tədbir iştirakçılarına dövlət sərəncamından bəzi məqamları xatırlatdı: "Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhməmiyyətə malikdir".
Professor Timiçin Əfəndiyev Məmməd Araz poeziyasının yüksək poetik xüsusiyyətlərindən bəhs edərək şairi milliliklə yoğrulmuş, bir tərəfdən xalq yaradıcılığı, klassik Azərbaycan poeziyası, digər tərəfdən aşıq şeiri və çağdaş poeziyamızın sütunları üzərində qurulmuş, onun məziyyətlərini canına hopdurmuş şeir nümunələrindən danışdı. Natiq, şeirlərini bir haray, bir çağırış birləşdirən "Ayağa dur, Azərbaycan" hayqıran şairin, xalqı sarsılmazlığa, əyilməzliyə, milli qürura, insanlığa haqq-ədalət, bütövlüyə, birliyə səslədiyini qeyd etdi.
Sonra filologiya elmləri doktoru, professor Gülşən Əliyeva "Ağrı yaddaşının harayı" adlı məruzəsi ilə çıxış edərək şairin yaradıcılığı və həyat yoluna nəzər saldı: "Bu fikirdəyəm ki, xalq şairi Məmməd Arazdan bizə ağrı yaddaşının poetik harayı - onun bənzərsiz poeziyası yadigar qaldı. Məmməd Araz hər şeydən öncə poeziyamızın vətən daşı idi, bu gün isə biz ondan ədəbiyyatımızın vətəndaşı kimi bəhs edirik. Məmməd Araz min illik şeirimizin vətəndaşlıq andı idi. Orduya gedən əsgərlərin hər yeni nəsli hərbi and içdiyi kimi, poeziyaya gələn gənclər də şairin kitabına əl basıb şairlik andı, - "Məmməd Araz andı" içməlidirlər".
Tədbirdə professor Aqşin Babayev "Unudulmaz Məmməd Araz", professor Nizaməddin Şəmsizadə "M.Araz şeirində Azərbaycançılıq" adlı məruzələri ilə çıxış edərək Məmməd Araz şeirində dilin əlvanlığı, şirinliyi və oynaqlığından, poetik müşahidələrin dərinliyindən və itiliyindən, bəzən gümrah, bəzənsə küskün hisslərin vəhdətindən yaranmış bu poeziyanın Vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında həm nikbin, həm də nigaran qənaətlər olduğunu vurğuladılar.
Təbdir zamanı universitetin müəllimləri - dosent Nadir Hüseynovun və əməkdar artist Ağalar Bayramovun ifasında şairin füsünkar poeziyasından nümunələr səsələndirildi.Elmi sessiyada iştirak edən şairin həyat yoldaşı Gülxanım xanım və millət vəkili Aqil Abbas belə bir tədbiri təşkil etdiklərinə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda rektor Timuçun Əfəndiyev universitetdə hər il Məmməd Araz gününün keçirilməsi təklifilə çıxış etdi. Təklif tədbir iştiraçıları tərəfindən xoş qarşılandı və qərara alındı ki, hər il belə bir tədbir keçirilsin. OLAYLAR