Rəfael Hüseynovun UNESCO-ya müraciəti müsbət nəticə verib
28 Noyabr 2013 13:34 MədəniyyətUNESCO-nun noyabr ayında bir həftə davam edən Baş Konfransın iclaslarında 2014-2015-ci illər üçün ölkələrin təqdim etdiyi siyahılar üzrə UNESCO tərəfindən yubileyləri keçirilməli olan şəxsiyyətlər, tarixi hadisələr və dəyərlər təsdiqlənməli idi. Lakin həmin siyahıda XV əsrin görkəmli Azərbaycan musiqişünası və ensiklopedik zəka sahibi Əbdülqadir Marağayinin "Məqasid ül-əlhan" əsəri müəllifinin adı göstərilmədən İran İslam Respublikasının irəli sürdüyü nominasiya kimi keçirdi. İlkin olaraq həmin məsələ artıq UNESCO-nun İcra Şurasında rəsmən təsdiq edilmişdi və noyabrın 9-da Baş Konfransda yekun olaraq qəbul ediləcəkdi. Amma bu məsələdən xəbər tutan azərbaycanlı alim, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov müfəssəl və elmi şəkildə əsaslandırılmış məktubla UNESCO-nun baş direktoru İrina Bokovaya müraciət etmiş, həm bir tədqiqatçı, həm də Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü kimi buraxılan səhvin təcili olaraq düzəldilməsini tələb edib. Milllət vəkilinin bu müraciəti qəbul olunub.
Rafael Hüseynov bildirib ki, 2014-cü ildə Əbdülqadir Marağayinin "Məqasid ül-əlhan" əsərinin 600 illiyinin UNESCO-da Azərbaycan və bir neçə başqa ölkənin müştərək nominasiyası kimi qeyd ediləcəyi ilə bağlı əhəmiyyətli bir uğura nail olduqdan sonra yaxın aylar üçün əsas vəzifə həmin dəyərli elm abidəsinin və onun ölməz müəllifinin dünya ictimaiyyətinə daha yaxşı tanıdılması məqsədi ilə genişmiqyaslı hazırlıq işləri aparmaqdan ibarətdir. ("OLAYLAR"İA)