Lənkəran Mədəniyyət Mərkəzində sənətkarlıq sərgisi açıldı

Klubların fəaliyyətini gücləndirmək və günün tələbləri səviyyəsinə qaldırmaq üçün ötən ildən etibarən Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində ənənəvi "Dəmirağacı" Sənətkarlıq Sərgisi  keçirilir. Bu il sərginin açılışı noyabrın 27-də tarixində baş tutdu. "Dəmirağacı" II Sənətkarlıq Sərgisi  klublarda sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsinin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın artırılması və gənc nəslə tanıdılması məqsədilə təşkil olunmuşdu. Sərgini giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə açdı. O bu cür sərgilərin YUNESCO -nun qeyri-maddi mənəvi irsin qorunması tələblərinə və klub müəssisələrinin profil üzrə öz fəaliyyətini aktivləşdirmək məqsədlərinə xidmət etdiyini bildirdi. Sonra söz Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini Vüsal Nəsirliyə verildi. V.Nəsirli bütün sərgi iştirakçılarını və tamaşaçıları Lənkəran ŞİH Başçısı cənab Taleh Qaraşovun adından salamladı, onlara böyük uğurlar arzuladı. Natiq həmçinin bu cür sərgilərin gənc nəslin milli ruhda tərbiyələnməsində mühüm rol oynayacağını bildirdi. Daha sonra sərgiyə baxış keçirildi. Sərgidə Mədəniyyət Mərkəzinə daxil olan 75 klubdan  63-ü iştirak edirdi. Nümayiş etdirilən dülgərlik, dəmirçilik, toxuculuq, dulusçuluq, həzirçilik, döymə və dekorativ tədbiqi sənət nümunələri əsasən klub işçilərinin özünə məxsus əl işləri idi. Daha çox fərqlənən sənətkarlıq nümunələri xüsusilə qeyd olunur, xüsusi komissiya tərəfindən qiymətləndirilirdi. .  Daha uğurlu çıxışına görə 5 ustaya "Ustad Sənətkar", 10 kluba isə sərginin laureatı diplomları təqdim olundu.         
      Sənətkarlıq sərgisinə  "Üfüq Academy" Məhdud Məsuliyyətli Cəmiyyət təşkilati və maliyyə dəstəyi göstərilmişdi.
      Lənkəran məktəblərinin şagirdləri də baxa bilsinlər deyə sərginin daimi fəaliyyət göstərməsi qərara alınmışdır.   

                                                                                "OLAYLAR"ın Cənub bürosu 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31