Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sisteminin təqdimatı olacaq

Noyabrın 28-də, saat 11:00-da Muzey Mərkəzində Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sisteminin təqdimatı olacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) işlənib hazırlanıb. Vahid Mərkəzləşdirilmiş Kitabxana Sistemi şərti olaraq iki hissədən ibarətdi: İctimaiyyətə açıq olan hissə - Vahid Mərkəzləşdirilmiş Kitabxana portalı və inzibati, daxili istifadə üçün nəzərdə tutulan proqram təminatı hissəsi. Sistemin bütün elementləri müasir Oracle platforması üzərində Ultra şirkəti tərəfindən hazırlanıb. Sözü gedən sistem pilot layihə çərçivəsində artıq Bakı şəhərinin üç rayon mərkəzi kitabxanasında - Xətai MKS, Nərimanov MKS və Səbayel MKS-də tətbiq olunmağa başlanıb. Hazırlanan ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC21, ISO2709, UNICODE, Z 3950 və digər standartlar və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir. Vahid Mərkəzləşdirilmiş Avtomatlaşdırılmış Kitabxana sisteminin modullarına qısa nəzər salsaq, sistem Komplektləşdirmə, Kataloqlaşdırma, Elektron Kataloq, İdarəetmə və Təşkilati struktur modulları, Ətraflı axtarış, Onlayn əməliyyatlar, Rezervasiya, Kitab verilişi, Hesabat, Statistika və digər modullardan ibarətdi. ALISA sistemi kompleks layihə kimi Azərbaycanın Kitabxana sistemini inkişaf etdirmək üçün nəzarət sistemini, kitabxana daxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Beləliklə, oxucu kitabxanaya gəlmədən istədiyi kitabxananı seçərək qeydiyyatdan keçir, aldığı oxucu bileti - plastik kart ilə respublikanın bütün kitabxanalarından faydalana bilir, onlayn sifariş verib istədiyi nəşri rezerv edir, kitabxanaya gələrək rezerv olunmuş nəşri sifariş edir, sifariş statusunu elektron növbə monitorunda izləyir, sifarişini götürür, sifarişi geri qaytararkən isə xüsusi avadanlıqlar vasitəsilə kitabı kitabxanaya qaytarır. Kitabxana rəhbərliyi kitabxana daxili proseslərə dair istənilən hesabatı görə bilir, Mədəniyyət və Turizm Nazirliyi isə bütün kitabxanalara nəzarət edir, istənilən hesabatı əldə edə bilir. "OLAYLAR" İA.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31