Günay İbrahimli: “Onu hələ də unutmamışam...” - MÜSAHİBƏ
26 Noyabr 2013 19:34 MədəniyyətSon zamanlar sevilən və diqqət mərkəzində olmağı bacaran Günay İbrahimli bəzən buna istəyərək, bəzənsə planlaşdırılmamış şəkildə nail olur. Bu dəfə onunla nə keçmiş prodüseri Təranə Səmədova haqqında, nə də başına bəla olan geyimi barəsində danışdıq. Çünki öncədən də planlaşdırdığımız kimi, bu dəfə o, şəxsi həyatından, bəlkə də çoxlarının bilmədiyi dünənindən və bu günündən danışacaq. Gənc ifaçının Ailem.az saytına müsahibəsini təqdim edirik.
- Günay, instagram səhifəndə diqqətimi cəlb edən bir məqamla bağlı sual vermək istəyirəm. Digər həmkarlarından fərqli olaraq, sən tez-tez ailənlə çəkdirdiyin birgə şəkilləri paylaşırsan. Səni izləyənlər artıq onların da nə ilə məşğul olduğunu bilirlər. Bu, səndə və ya valideynlərində kompleks yaratmır?
- İnstagrama qoşulduğum andan etibarən çox fəalam. Şəkil çəkdirməyi çox sevirəm. Düz deyirsiniz, nəinki özümün, hətta yaxınlarımın da şəkillərini paylaşıram. Valideynlərim artıq mənim bu cür macəralarıma öyrəşib. Hətta əlimdə telefon görəndə artıq mən deməmiş özləri "poza" verirlər. Mən də onların şəklini çəkib instagram səhifəmdə böyük məmnuniyyətlə paylaşıram. Həm də xətrimə dəyməmək üçün heç nə demirlər.
- Adətən evin son beşiyinə xüsusi güzəştlər olur. Amma deyəsən sizdə vəziyyət bir az fərqlidir.
- Ailədə 3 uşağıq, 2 bacı, bir qardaş. Evin ilk beşiyi mənəm. Xüsusi güzəşt deməzdim. Çünki hamımızı eyni dərəcədə çox istəyirlər. Nə yaxşı ki, onlar bu gün mənim yanımdadı.
- Diktafon sönülü olanda söhbət əsnasında dedin ki, bacımı itirə bilərdik. İstərdim bunu oxucularla da bölüşəsən. Nə baş vermişdi?
- Bacım məndən yaş yarım balacadı. Müharibə vaxtı biz Füzulidən köçkün düşəndə bacım yaddan çıxıb qalmışdı. Atam növbəti dəfə geri qayıdıb bacımı yanan evlər arasından xilas etdi. Yaxşı ki, tez fərqinə varmışdıq. Amma bu günə qədər də nə valideynlərim, nə də mən anlaya bilmirik ki, bu, necə baş verdi? Uşağı necə unutmaq olar?! Təbii ki, vəziyyət çox qarışmışdı deyə bütün bunlar baş verdi.
- Az öncə dedin ki, ailənin ilk övladıyam. Belə olan halda bir növ yük sənin çiyinlərində olur.
- Əlbəttə, məsuliyyət var. Hər addımımı yüz ölçüb, bir biçirəm. Həm də ki, qardaşım hələ çox balacadı deyə bilavasitə böyük övlad olaraq bir çox işlər mənim öhdəmə düşür. Amma ümumilikdə hərəmizin öz yeri var. Və ən maraqlısı odur ki, tamamilə fərqli xasiyyətlərimiz var. Diktatorluq etməyi sevmirəm. Amma bir böyük kimi məsləhətlərimi verirəm, yol göstərirəm. Atalar yaxşı deyib, ağıl yaşda deyil, başdadı. Hərdən elə olur ki, ağıllı məsləhətlər verəndə mən də onlara qulaq asıram.
- Tez-tez səndən "toy nə zamandır?" soruşurlar. Niyə hər kəs Günay İbrahimlinin ailə qurması ilə maraqlanır və ya onların təbirincə desək, bu toy niyə gecikir?
- Əgər qızın 18-20 yaşı varsa, artıq bu cür suallar başlayacaq. Baxmayaraq ki, mən müğənniyəm. Və hazırda başım sənətimə qarışıb. Hər zaman deyirəm ki, ailə qurmaq barədə düşünmürəm. İnşallah, vaxtı gələndə bu da olacaq. Hər bir qadın kimi mən də istərdim ki, ailəm, övladım olsun. Çünki həyatda əsas xoşbəxtlik budur. Amma ailə quracağım şəxs gərək sənətimi də qəbul etsin.
- Səfurə Əlizadə, Aysel Teymurzadə və digər xanım sənətçilərimiz var ki, açıqlamalarında "ailə qurmaq üçün hələ tezdir" və ya "sənəti ailəyə qurban vermərəm" deyirdilər. Amma nəinki tez bir zamanda ailə qurdular, hətta sənətdən də getdilər.
- Qismətdi, nə deyim vallah. Əlbəttə, bilmək olmaz başımıza nə iş gələcək. Amma hələlik tam əminliklə deyə bilərəm ki, belə bir şey gözlənilmir. O ki qaldı sənəti qurban verməyə, məni sevən şəxs sənətimi də sevməlidir.
- Belə düşdük ki, hazırda sevdiyin şəxs yoxdu?!
- Hə, düz başa düşmüsünüz. Hazırda həyatımda heç bir şəxs yoxdur. Qəlbim tam olaraq boşdur (gülür).
- Bəs Günayın qəlbinin boş olmasının səbəbi nədir? Bu qədərmi kaprizlisən?
- Əslində kaprizli deyiləm.Sadəcə olaraq özümü sənətimə o qədər həsr etmişəm ki, demək olar sevgi barəsində düşünmürəm. İnsan gərək bir şeyi düşünsün ki, bu da baş versin. Bəlkə də sevgi mənim yanımda, hardasa ətrafımdadı. Amma mən yalnız sənətimi görürəm, sevgini yox. Həm də nə yaşım var ki?! İnşallah, ailə qurmaq zamanı gələndə bu barədə düşünməyə başlayaram.
- Günayın sevəcəyi kişi hansı keyfiyyətlərə sahib olmalıdı?
- Hündür boy və ağıllı olmalıdı. Çünki ağıllı insan həyatda hər şeyə nail ola bilər. İnsan şanslı olmur, şanslı doğulur. Çox istərdim ki, nə vaxtsa qarşıma şanslı insan çıxsın. Bir də təbii ki, qazanc məsələsi. Bu, o demək deyil ki, pul mənim üçün önəmlidir. Xeyr, əsla. Sadəcə olaraq pul sağlam ailənin olması üçün vacib şərtlərdən biridir. Kişi qadından çox qazanmalıdı. Elə ailələr tanıyıram ki, qadın kişidən çox qazandığına görə bu, aralarında soyuqluğa gətirib çıxarıb.
- Günay, ilk sevgisini necə xatırlayır?
- Düzün deyim ki, unutmamışam, yadımdadı... Amma uşaqlıq sevgisi idi. Mən orta məktəbdə oxuyurdum. O oğlan məndən 3 sinif yuxarıda oxuyurdu. Əslində biz sevgili olmamışıq. Yəni uzun müddətli münasibətdən söhbət gedə bilməz. Sadəcə olaraq bir-birimizdən xoşumuz gəlirdi.
- O insan hazırda subaydı, ya evli? Ümumiyyətlə, onu görmək istərdin?
- Hazırda o, Azərbaycanda yaşamır. Və əminliklə deyə bilərəm ki, subaydı.