Bakı Turizm Peşə Məktəbində ilk təlimlər başladı
25 Noyabr 2013 17:53 Mədəniyyət25 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm Peşə Məktəbində turizm sahəsi üzrə peşəkar kadrların hazırlanması üçün Təhsil-Təlim Mərkəzinin açılışı olub.
Qeyd edək ki, 13 noyabr 2012-ci il tarixində "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" adlı iki illik layihənin iki qurum arasında birgə həyata keçirilməsinə dair müqavilə imzalanıb.
Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, tələbələri üçün isə ixtisas üzrə müvafiq təlim kurslarının, eləcə də Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərdən yüksək nəticə əldə etmək məqsədilə praktiki dərslərin müvafiq avadanlıqlarla təchiz olunmuş otaqlarda keçirilməsi planlaşdırılır.
25 noyabr tarixindən başlayan ilk təlimlərə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər dəvət olunub. ("OLAYLAR"İA)