“Xanımlarımızın böyük əksəriyyəti dəblə maraqlanmır, nə gəldi geyinir” - DƏB

"Bu sahədə çoxdandır ki, çalışıram. İlk müştərim 4-cü sinifdə oxuyarkən olub. Lap əvvəllər tikiş işi ilə çox maraqlanırdım. Tikiş və geyim sahəsini dərindən öyrənmişəm. Qızıl Əllər, Qızıl Bayraq adlı kolleksiyalar təşkil etmişəm. Bu il isə ilin ən işgüzar modelyeri adına layiq görülmüşəm".

Müsahibimiz modelyer Şəlalə Maqsudovadı

-Bu mövsümün dəbində nə dəyişiklilər var?

-Artıq payız fəslidi. Rəngli əlvan geyimlər ötən mövsümdə qaldı. Həm parça, həm də ki, rəng seçimi baxımından dəyişikliklər var. Payız geyimi seçərkən xanımlarımız xüsusilə onun biçiminə və rənginə diqqət yetirməlidi. Geyimlərdə tvit, yun, dəri, kombinə edilmiş parçalara,qumaşa üstünlük vermək olar. Modern görünmək üçün trapez ətəklərə, assimmetrik biçimlərə üstünlük verilməlidi. Bu mövsümdə geyimlərdə 2-3 növ parçanın sintezi özünü  daha qabarıq şəkildə göstərəcək. Payız fəsli olduğu üçün assimmetrik kəsilmiş, qısa və uzun ətəkli pencəklər, qolları dirsəkdən bir az aşağı olan, enli, ya da ki dar biçimli pencəklər dəbdədir. Favorit rənglər sırasında isə xaki, mavi, qırmızı, torpaq rəngləri və həmişəki kimi ağ-qara yer alır. Aksessuarlar geyimimizi tamamlamaqda, daha qlamur və gözəl görsənməkdə bizə yardımçı olur. Buna görə aksessuar seçimində diqqətli olmaq lazımdı. Şərflər də qadın qarderobunun ayrılmaz bir hissəciyidir. Şərf seçimi edərkən onun geyimlə necə uyğunlaşması önəmlidi.

-Ziyafət geyimi seçərkən nələrə diqqət yetirilməlidi?

-Xanımlarımız ziyafət geyimi seçməkdə çətinlik çəkirlər. Çünki hər bir xanım ziyafətlərdə diqqət mərkəzində olmaq, gözəl görünmək istəyir. Əlbətdə ki, bu zaman qüsursuz görünmək üçün xanımlar dəbdə olan rəngdən daha çox ona yaraşanı seçməyə üstünlük verməlidi. Bu zaman bədən ölçüləri də nəzərə alınmalıdı.

-Bir modelyer kimi xanımlarımızda nəyi bəyənmirsiniz?

-Bəzən xanımlarımız özünə yaraşanı geyinmir, tərzlərini yarada bilmirlər. Dolu xanımlarımız açıq rəngli, güllü parçalara üstünlük verməklə öz eyiblərini daha da qabarıq şəkildə göstərmiş olurlar. Xanımlarımız ziyafət, gündəlik, işgüzar, adi bir görüş üçün nəzərdə tutulan geyimləri bir-birindən fərqləndirməyi bacarmalıdırlar. Əks halda kənardan çox gülünc və eybəcər görünəcəklər. 

-Mövsümün dəbli, baxımlı xanımı olmaq üçün nə tövsiyə edirsiniz?

-Xanımlarımıza əsas məsləhətim budur ki, dəb arxasınca qaçmasınlar, özlərinə yaraşanı geyinsinlər. Ümumiyyətlə xanımlarımızın böyük əksəriyyəti dəblə maraqlanmır, nə gəldi geyinir. Bəziləri isə dəblə geyinir, dəbdir deyib aləmi qatır. Bu da ifrat dərəcədə olur. Gözəl görsənmək üçün xanımlarımıza zövqlə geyinməyi tövsiyə edirəm.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31