Akademik Milli Dram Teatrında xeyriyyə aksiyası keçirilir
19 Noyabr 2013 17:52 MədəniyyətAkademik Milli Dram Teatrı yeni layihə həyata keçirir. Belə ki, teatrda xeyriyyə məqsədi ilə tamaşalar nümayiş olunur. Teatrın həyata keçirdiyi yeni layihə uşaq evlərində olan azyaşlıların teatra cəlb olunması məqsədini daşıyır. Akademik Milli Dram Teatrı hər həftə uşaq evləri üçün pulsuz tamaşa oynayır, beləliklə də bu uşaqların teatr sənətinə cəlb edilməsini, onların mənəvi tərbiyəsinə yardımçı olmağı hədəfləyir. Ötən həftə Akademik Milli Dram Teatrında Bakının ətraf rayonlarında yerləşən uşaq evləri üçün "Danışan gəlincik" (A.Şaiq) və "Qaraca qız" (S.S.Axundov, səhnələşdirən A.Şaiq) tamaşaları nümayiş olunub. A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanan "Danışan gəlincik" nisbətən kiçik yaş qrupları üçün, "Qaraca qız" tamaşası isə orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Hər iki tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Artisti Loğman Kərimovdur. Tamaşalarda Akademik Milli Dram Teatrının aktyorları çıxış edir.
Tamaşadan sonra teatrın foyesində aktyorlarla görüş təşkil edilib, viktorinalar, oyunlar keçirilib, uşaqlara müxtəlif hədiyyələr paylanıb. Uşaqlar sevimli aktyorları ilə fotoşəkillər çəkdiriblər. Xatirələrinə əbədi həkk olunan həmin gün əsl uşaqlar üçün hadisəyə, bayrama çevrilib. Akademik Milli Dram Teatrı gələcəkdə də bu istiqamətdə işlərini davam etdirməyi planlaşdırır. "OLAYLAR" İA.