Aysel, git başlarından
18 Noyabr 2013 09:34 MədəniyyətZaman o zamandır ki, 2013-cü ilin son ayına doğru gedirik və Aysel Teymurzadə də ərdədir.Bu həmin o Aysel Teymurzadədir ki, 2009-cu il "Avroviziya" yarışmasında Araşla birlikdə Azərbaycanı təmsil etmiş və 3-cü yeri qazanmışdı. Həmin il Aysel Teymurzadə "Avroviziya" yarışmasında iştirak edən qadın müğənnilər arasında ən gözəli seçilmişdi. Həmin il Ermənistan internet forumlarında onun gözəlliyinə və gözəl ifasına idbar şəbədələr və lağlağı şeirciklər qoşulurdu. Həmin il bizim forumlarda da bəzi ermənidən betərlər demək olar ki, eyni şəbədələri və eyni lağlağıları sərgiləyirdilər. Ayselin səhnə geyimindən tutmuş Araşla birlikdə görüntüləndiyi hər fotosuna, hər videokadra qədər bütün incəliklər müzakirə olunurdu.Sonra Aysel ərə getdi. Həm də tanınmış bir ailənin oğluna. Sanki də Aysel hər kəsin qarşısında ömürlük subay qalacağına and içibmiş kimi, ona dodaq büzməyə başladılar. Ən qəbuledilməz məqam isə Ayselin bir daha səhnəyə çıxmayacağı oldu. Sanki də Aysel həyatını özünə və ailəsinə deyil, bu gözləri doymayan, ruhları rahatlıq tapmayan, ağılları qarışıq insan kütləsinə həsr etməyə borclu imiş.Sonra Aysel ana oldu. Hərdən həyat yoldaşı ilə yanaşı bəzi tədbirlərdən qəfil və gizli çəkilmiş fotoşəkilləri yayımlandı internet səhifələrində. Dəhşət! Kütlə başladı nə başladı! Aaa, bu Ayselmidir? Niyə belə kökəlib? Özünü nə günə qoyub? Gülümsəmir! Xoşbəxt deyil! Hanı o gözəl Aysel? Heyf...Saytlardakı hər belə fotonun və ya qısa videonun altında ən müxtəlif taxma adlarla ürəyinin tikanını çıxarmağa çalışanların bəlkə də əksəriyyəti qadınlardır. O qadınlar ki, Ayselin indi yaşadığı həyatın bir günü üçün ömürlərindən keçməyə hazır olacaq talelər yaşayırlar bəlkə. O qadınlar ki, Ayselin səhnəyə qayıdışı və parlaması elə onların özünü kölgədə qoya bilər. Zatən, belə hücumların çoxunu elə adamın öz həmkarları edir, aydın məsələdir. Qaldı kişilərə, onların da ağrısını anlamaq çətin deyil - Aysel onların deyil, vəssalam.Ümumilikdə götürəndə isə, bizim milli yığma kütləmiz erkək tiplidir. Tələbkar, qısqanc, quru bəy. Özünün olanı qapayıb, özgənin olanı meydanda fitə basmaq üçün əldən-ayaqdan gedən zırrama sadəcə.Bəli, kütlə narazıdır.Kütlə hər zaman narazıdır.Aysel dünya gözəli halı ilə onun gözünü-könlünü oxşayanda da - kütlə milli mental maskasında idi və onun donunun ətəyini uzun görmək istəyirdi. Aysel ailə quranda kütlə həmən özünün abır maskasını taxdı və bəyan etdi ki, Aysel bu həyatı bir adamın ikinci arvadı olmağı seçməklə qurub. Aysel səhnədən getməsini bəyan edəndə kütlə özünün avropalı-demokrat maskasına keçmişdi artıq, o, Ayseli səhnədə oxuyan, oynayan, gözləri doyurmaq, ruhları rahatlamaq, ağılları qarışdırmaq üçün canlı enerji mənbəyi kimi görmək istəyirdi çünki. Ayseli ana, yanıərli, dolu görmək isə kütləni maskasız qoydu.
Vampir kütlə.
Azğın kütlə.
Ac kütlə...
Sən Aysel üçün neylədin ki? Və Aysel sənin üçün neyləməlidir? Ərindənmi ayrılmalıdır, uşağınımı atmalıdır, pəhrizmi saxlamalıdır? Sənin üçün? Niyə axı, niyə? Cavabı bilirəm. Yalnız ona görə ki, sən hər zaman hər yerdə hər şeydən və hamıdan narazısan - özündən başqa!
P.S. İstisnalar var, onları alqışlayırıq və sevirik.
Cavidan lent .az