Hollivud ulduzunu təqib edən qadına həbs cəzası verildi
Alek Bolduin və xanımını təqib edən kanadalı qadın 210 gün həbs cəzası alıb
15 Noyabr 2013 18:14 MədəniyyətEmmi-mükafatlı Hollivud aktyoru Alek Bolduini təqib edən qadına həbs cəzası verilib. Nyu-York məhkəməsi 41 yaşlı kanadalı qadın Alek Bolduini və onun həyat yoldaşı Hilaria Bolduini təqib və təhqir etdiyinə görə təqsirli bilərək, ona 210 gün həbs cəzası verib.
Məhkəmə iclasında qadından şikayətlərini dilə gətirən Alek Bolduin aktrisa olan həmin qadının nişan günü onun evinə gəldiyini və bütün mərasimi pozduğunu göz yaşları içində danışıb.
Aktyora bu ilin avqustunda qız övladı dünyaya gətirən həyat yoldaşı Hilaria Bolduin isə həmin qadından qorxduğunu bildirib. Onun iddiasına görə, təqibçi qadın onun Tvitter səhifəsində "övladını dünyaya gətirmədən itirəcəyini" yazaraq, onu emosional cəhətdən sarsıdıb.