Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
15 Noyabr 2013 16:55 Mədəniyyət20-24 noyabr tarixində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib. Nizami Kino Mərkəzində nümayiş olunacaq filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycandan - Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov, 4 üzvü isə xarici ölkələrin təmsilçisidir - Aleksandr Kammel, Lela Krstevska, Devid Kuper, Qriqoris Koulbanis.
Münsiflər heyətinin sədri Azər Qərib 400-dən artıq sənədli film və televiziya proqramının müəllifidir. Dünyanın 80-ə yaxın ölkəsinə səyahət edən Azər Qərib milli televiziya məkanında yayımlanan "Oralar" verilişinin müəllifidir. Münsiflər heyətinin Azərbaycanı təmsil edən digər üzvü 45-dən çox sənədli filmin rejissoru olan Xalq Artisti Vasif Babayevdir. Noyabrin 20-də festivalın münsiflər heyəti üzvləri və təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. ("OLAYLAR"İA)