Xalq Artisti Məcnun Kərimin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

15 noyabr 2013-cü il tarixində, saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Artisti, Bakı Musiqi Akademiyasının professoru Məcnun Kərimin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Qeyd edək ki, Məcnun Təbriz oğlu Kərim 1945-ci il sentyabrın 1-də Zəngəzur mahalının Şəki kəndində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) "Xalq çalğı alətləri" şöbəsini bitirib. 1991-ci ildən Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb. 1995-ci ildə "Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib. Azərbaycanın qədim musiqi alətləri haqqında bir çox tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib. 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim Musiqi Alətləri Ansamblını yaradıb, bu kollektivlə musiqi sənətimizin təbliğinə töhfələr verib. 
Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2011-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 2013-cü ildə vəfat edib. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31