Bişkekdə Yunus Oğuzun kitabının təqdimat mərasimi keçirilib

Yaziçi-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun qələmə aldığı əsərlərə maraq getdikcə artır. Təkcə ölkə daxilində deyil, eləcə də Azərbaycandan kənarda geniş oxucu kütləsi toplayan Yunus Oğuzun daha bir əsərinin ölkəmizdən kənarda təqdimatı keçirilib.  Belə ki, müəllifin qələmə aldığı "Əmir Teymur-Dünyanın hakimi" və "Əmir Teymur-Zirvəyə doğru" kitablarının  Qırğızıstanda rus dilinə tərcümə edilmiş formada təqdimat mərasimi baş tutub. Bu ölkədə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən kitabın təqdimat mərasimi Qırğızıstanın paytaxtı Bişkekdəki Aytmatov adına kitabxanada təşkil edilib. Təqdimat mərasimində hər iki ölkədən çoxlu sayda nümayəndə, məşhur qırğız yazıçısı Çingiz Aytmatovun qardaşı, akademik, SSRİ Dövlət mükafatı laureatı Ilgiz Aytmatov, professor Rosetta Aytmatova, SSRİ xalq artisti Bolot Şamşiyev, Qırğızıstanın xalq şairi Oqtay Abakirov, şair, tərcüməçi Mukan Asanaliyev, Bişkek kitabxanasının direktoru Dandıbaeva Gulsayra,  Qırğızıstan Azərbaycanlıları Konqresinin prezidenti Çingiz Ələsgərov, "Trend" İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, Jurnalist Qadınlar Assosiasiyasının sədri  Sevil Yusufova, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və İlqar Qafarlı iştirak edib.

Tədbiri giriş sözü ilə açan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov rəhbərlik etdiyi təşkilat tərəfindən bu günə qədər Azərbaycanın bir çox tanınmış qələm əhlinin kitablarının Qırğızıstanda təqdimat mərasiminin keçirildiyini diqqətə çatdırıb. Bunun həm Azərbaycanın, həm də ölkəmizin tanınmış yazıçı və şairlərinin Qırğızıstanda tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyən Nüsrət Məmmədov yazıçı-publisist Yunus Oğuzun qələmə aldığı tarixi romanlara Qırğızıstanda da böyük marağın olduğunu söyləyib. Fond rəhbəri deyib ki, məhz bu baxımdan rəhbərlik etdiyi fond Yunus Oğuzun müəllif olduğu "Əmir Teymur-Dünyanın hakimi" və "Əmir Teymur-Zirvəyə doğru" kitablarının Qırğızıstanda rus dilində təqdimatını zəruri hesab edib.

Təqdimat mərasimində çıxış edən kitabın müəllifi, yazıçı-publisist Yunus Oğuz bildirib ki, kitab Azərbaycan dilində yazılıb və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Qırğızıstanda rus dilinə tərcümə olunaraq nəşr edilib: "Ancaq tezliklə əsər Qırğız dilinə də tərcümə olunacaq". Əmir Teymurun  idarəçiliyindən danışan yazıçı deyib ki, 35 il hökmdar olan Əmir Teymur həm güclü sərkərdə, həm də strateq olub. Bütün türklərin  bu tarixi şəxsiyyətin həyatını bilməsini zəruri hesab edən Yunus Oğuz  məhz bu baxımdan Əmir Teymur haqqında roman yazmaq qərarına gəldiyini vurğulayıb. Müəllif çıxışı zamanı Əmir Teymura bir hökmdar kimi türkdilli ölkələrdə böyük marağın olduğunu da diqqətə çatdırıb. Bildirib ki, bu maraq onun adı çəkilən tarixi şəxsiyyət haqqında qələmə aldığı romana olan diqqətdə də özünü büruzə verib. Yunus Oğuz deyib ki, məhz bu diqqətin nəticəsidir ki, bir müddət əvvəl sözügedən əsərin Özbəkistan və Qazaxıstanda da təqdimat mərasimi keçirilib. Yunus Oğuz çıxışının sonunda təqdimat mərasiminin ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü bildirib və bundan sonra da türk tarixində dərin iz qoymuş tarixi şəxsiyyətlər barədə romanlar qələmə alacağını söyləyib: "Çünki türkün öz şanlı tarixini bilməsi, onu öyrənməsi, gələcək nəsillərə çatdırması şərtdir". Təqdimat mərasimində çıxış edən digər natiqlər də əsərin məziyyətlərindən danışıb, onu yüksək dəyərləndiriblər. Mərasimin sonunda yazıçı-publisist müəllifi olduğu kitablari iştirakçılara hədiyyə edib.
Qeyd edək ki, sözügedən kitab hazırda Mukan Asanaliev tərəfindən qırğız dilinə tərcümə edilir. Bundan əvvəl isə Yunus Oğuzun müəllif olduğu kitabların London, Moskva, Ankara, İstanbul Daşkənd, Kiyev, Almatıda təqdimat mərasimləri keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31