Mədəniyyət və İncəsənət Universitetində Dövlət bayrağı günü qeyd edildi

Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bayraq Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ilk öncə universitetin rektoru,  professor Timuçin Əfəndiyev çıxış edərək universitetin müəllim və tələbə heyətini, tədbir iştirakçılarını Bayraq Günü münasibətilə təbrik edib. Rektor Bayraq Gününün mahiyyəti haqqında nitq söyləyərək, Azərbaycan Respublikasının Dövlət bayrağının suverenliyimizin, dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz, ən uca atributlarından biri olduğunu qeyd edib: "Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayraq Meydanının təntənəli açılış mərasimi olmuşdur. Bayraq meydanının aşılışında iştirak edən prezident İlham Əliyev bildirmişdir ki, hündürlüyünün, istifadə olunmuş materialların həcminə görə Dövlət Bayrağı Meydanında yaradılmış bayrağımızın dünyada heç bir analoqu yoxdur. Bu isə bizim dövlətimizin böyük inkişafından xəbər verir. Cənab prezident demişdir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarımızda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. Azərbaycan bayrağı hər bir vətəndaşın fəxri iftixarı və qürur mənbəyidir".
Daha sonra çıxış edənlər bu günün əhəmiyyəti haqqında iştirakçılara məlumat vermişlər. Univeristetin dosenti, millət vəkili Mübariz Qurbanlı bayrağın əhəmiyyətindən danışaraq dedi: "Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağımız milli suverenliyimizin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu üç rəngli bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Fərəh hissi duyulacaq bir haldır ki, bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanır, beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə bərabər, toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında ucaldılaraq milli birliyimizi təcəssüm etdirir". 
Tədbir tələbələrin hazırladığı kompozosiya ilə sona çatdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31