Gənc Tamaşaçılar Teatrında premyera olacaq
“Danışan gəlincik”
8 Noyabr 2013 17:39 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın ictimai baxışı keçirilib. Klassik Azərbaycan yazıçısı, əməkdar incəsənət xadimi Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış "Danışan gəlincik" balaca tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Mehriban Hüseynova, Güşvər Şərifova, Eyvaz İbrahimov, Elşən Şıxəliyev, Xalidə Əliməmmədova, Müşfiq Əliyev, Eşqin Quliyev, Roza İbadova, İradə Rəşidova, Vahid Orucoğlu, Ramil Məmmədov, Xaliq Bəkirov, Vüsalə Qubadova iştirak ediblər.
Şahzadə olduğuna görə heç kimlə oynamağa icazə verilməyən və özünü tənha hiss edən Rəmziyyə bu təklikliyi ancaq yuxuya gedən zaman unudur. Hər gün röyalarında danışan gəlinciklər görən və özünü çox xoşbəxt hiss edən qızcığaz valideynlərindən tələb edir ki, ona danışan gəlincik alsınlar. Naəlac qalan valideynlər dayə və vəzirin çıxış yolu olaraq təklif etdikləri fikri qəbul edirlər...
Tamaşa varlı şah sarayı və kasıb daxması olan iki ayrı ailənin paralel olaraq həyat tərzini tərənnüm etdirir.
Tamaşanın premyerası noyabr ayının 16-da saat 12.00 və 15.00-da olunacaq.