Zaur Hüseyn: “Toy gecəsi”nin 12-ci bölümünün çəkilişləri yekunlaşmaq üzrədir

Yüz minlərlə insanın böyük maraqla və sevə-sevə seyr etdiyi "Toy gecəsi" bədii televiziya serialının çəkilişləri davam edir. Hazırda çəkiliş prosesinin hansı mərhələdə oluğunu öyrənmək üçün serialın ikinci rejissoru Zaur Hüseynlə əlaqə saxladıq. Zaur Hüseyn əməkdaşımızın suallarına cavab olaraq aşağıdakıları bildirdi: "Bildiyiniz kimi "Toy gecəsi"nin ilk bölümü yayımlandıqdan sonra böyük tamaşaçı kütləsinin diqqət və rəğbətinə səbəb oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar serialımızın hər yeni bölümünün yayımını səbirsizliklə gözləyir. Məhz bunun nəticəsidir ki, rəsmi reytinq göstəricilərində serialımız 5 həftədir ki, izlənmə sayına görə birinci yerdədir. Nəzərinizə çatdırım ki, "Toy gecəsi"nin bu günə qədər yayımlanan 5 bölümünü təkcə internet üzərindən müxtəlif kanallar vasitəsilə üst-üstə yarım milyondan çox insan izləyib. Əlbəttə, bu bizi çox sevindirir. Amma bu, eyni zamanda, bizdə böyük bir məsuliyyət hissi yaradır. Var-gücümüzlə çalışırıq ki, ortaya daha yaxşı, daha keyfiyyətli iş qoyaq, tamaşaçıların bizə olan etimadını, inamını doğruldaq. Hal-hazırda serialın 12-ci seriyasının çəkilişləri yekunlaşmaq üzrədir. "Toy gecəsi"nin komandasında olan hər kəs yuxarıda qeyd etdiyim məsuliyyət hissini bir an olsun belə unutmur. Biz əldə etdiyimiz uğuru sona qədər davam etditmək istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31