Tanınmış rəqqas Rusiyada baş verən hadisələrə etiraz etdi
8 Noyabr 2013 13:44 MədəniyyətSon günlər Rusiyada baş verən hadisələr, milliyyətçilərin Qafqaz xalqlarının nümayəndələrinə qarşı nümayiş etdirdikləri qəddarlıq ölkə ictimaiyyəti ilə yanaşı, incəsənət adamlarını da ciddi narahat edir. "OLAYLAR"a açıqlamasında tanınmış rəqqas Tahir Eynullayev baş verən hadisələri pisləyərək bunları deyib: "Sankt-Peterburqun "Müzik-Holl" Dövlət Teatrından müziklda iştirak etmək üçün dəvət almışam. Tamaşanın rejissoru İsaak Ştokbant, baleytmeysteri Tatyana Kuznetsovadı. Mənə şərq sahzadəsi rolu ilə bərabər, rəqsin yeni quruluşu və Turac rəqsinin ifası da təklif edilmişdi. Tamaşanın premyerası 2014-cü ilin yanvarına planlaşdırılır. Noyabrın 11-də mən Sankt-Peterburqa uçmalı idim, məşqlər isə ayın 13-dən başlamalı idi. Son günlər Sankt-Peterburqda milli zəmində baş verən hadisələrə, digər xalqların nümayindələrinin, xüsusilə də qafqazlıların döyülməsinə etiraz olaraq bu genişmiqyaslı layihədən imtina etmək qərarına gəldim. Bu qərarla bağlı mən "Müzik-Holl"a rəsmi məktub göndərdim. Mənimlə əlaqə saxlayan teatrın direktoru cavab olaraq əminliklə bildirdi ki, guya bütün bu hadisələrin səbəbkarları cəzalandırılacaq və bu cür neqativ hallar bir daha təkrar olunmayacaq. Lakin hər hansı bir təminat verilmədi. Mən millətimə qarşı saygısızlıq nümayiş edilən, soydaşlarımızın döyüldüyü bir ölkədə baş tutacaq layihədə iştirak etməyə razılıq verə bilmərəm. Mən yalnız xalqıma, onun əməyi və mədəniyyətinə dəyər verən ölkədə çıxış edəcəm" ("OLAYLAR").