“Bizdəki serialların şüuru yoxdu”
“Şüur, qorxunc bir lənətdir. Düşünərsən, hiss edərsən, ağrı çəkərsən” _(“Con Malkoviç olmaq” filmindən)
7 Noyabr 2013 15:38 MədəniyyətJurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun "bizdəki serialların şüuru yoxdu" fikri ucdantutma çəkilən seriallara baxış istiqamətini müəyyənləşdirmək zərurətini ortaya qoyur. "Bizdəki serialların şüuru yoxdu" nə deyir? Fikri zəhərli göbələk təsiri bağışlayan seriallar üçün belə parçalamaq olar: bayağıdır, ssenari yox, rejissor yox, peşəkar aktyor yox, dialoq yox, tərbiyəvi mahiyyəti yox, plagiatçılıq var, əsl Azərbaycan ailə münasibətləri öz əksini tapmayıb, mövzu yox, məqsəd yox, sonluq yox, nəticə yox, sünidirlər, texniki heyətin iş fəaliyyəti görünmür, rəng yox, qrim yox, səhvlər var və s. və i.a. Başqa fikirlər də səsləndirmək olar. Uzunçuluq olmasın deyə, səhə mütəxəssislərinin fikirlərinə də diqqət etmək lazımdır. Hərənin bir işi var.
Zülfüqar Abbasov (xalq artisti, baş rejissor): "Ceyhun bəyin fikirlərinə haqq qazandırıram. Azərbaycan seriallarına baxmırdım, iyrənmişdim. Amma o gün təsadüfən televiziyaların birində bir seriala gözüm sataşdı. Çox xoşuma gəldi. Lakin ümumilikdə çəkilən seriallar gələcəyə istiqamətlənməyib, tərbiyəvi mövzusu yoxdur. Onlar ancaq tamaşaçı auditoriyasının başını aldadırlar, rənglərlə beyinləri qarışdırırlar. Təkcə Azərbaycan yox, Türkiyə, Avropa və Amerika serialları da eyni xarakteri nümayiş etdirirlər. Serialllara münasibətim mənfidir. Onlarda qarşıya qoyulan məqsəd, ideya, söz, fikir yoxdur, ssenarilər boş söz yığınından ibarətdir. Qəbul ediləsi kimi deyil".
Elnur Kərimov (aktyor): "Hər halda bu Ceyhun bəyin şəxsi yanaşmasıdır. Amma Azərbaycan serialları inkişaf dövrünü yaşayır. Təbii ki, bu mərhələdə heç nə keyfiyyətli ola bilməz. Lakin keçən illə müqayisədə bu il çəkilən seriallar arasında fərq var, inkişaf hiss olunur. Problemin kökündə duran məsələ aktyorlarla bağlı idi. Əgər onlardan bəziləri müğənni olmaq, şou-biznesdə, sənət adamlarının yanında, cibində olmağa can atırdısa, bu gün belə deyil. Bəzi seriallar var ki, cəmiyyət arasında ajiotaj yarada bilir. Artıq aktyor sənətilə maraqlananların sayı artır. Azərbaycanda yeni çəkilən serialları türk və rus serialları ilə müqayisə edirlər. Bu heç də məsələyə düzgün yanaşma deyil. Müqayisə etmək üçün səbrli olmaq lazımdır. Hal-hazırda Azərbaycan televizyalarında çəkilən seriallar çox keyfiyyətlidir. Bunu sübut etmək üçün, məsələn, mənim çəkildiyim son, "Xəzər" TV-də yayımlanan "Bir aləm var" serialına baxmaq lazımdır. Serialın rejissorları da çox gəncdir, lakin çox keyfiyyətli məhsul ortaya qoya biliblər. Biz özümüz-özümüzə qiymət verməliyik, əks təqdirdə irəli gedə bilmərik. Əgər inkişaf olmasaydı, dövlət tərəfindən çəkilişlər üçün pul ayrılmazdı. Bu gün televizyalarda istənilən janrda serial çəkilir. Biz sıfırdan başlamışıq, ona görə də serialları ucdantutma tənqid etmək düzgün deyil".
Nicat Qafuroğlu (rejissor): "Serialların əsas problemi müəyyən mənada maliyyə vəsaiti ilə bağlıdır. Rejissorun əlinə çox az miqdarda maliyyə gəlib çatır. Digər problem isə qeyri-peşəkar aktyor işi və bayağı ssenarilərlə bağlıdır. Bir tamaşaçı kimi seriallardan narazıyam. İşıqların qurulması, qrim, səsləndirmə, operator işi hamısı pis vəziyyətdədir. Seriallarda gözə görünən əsas pis - aktyorların bayağı oyunları və dialoqlarıdır. Məsələni həll etmək üçün, birinci növbədə yaxşı ssenarilər yazılmalıdır. Dialoqlar danışıq dilində qurulmalıdır. Ceyhun Musaoğlunun fikirlərilə tam razıyam. İstənilən rejissor gəlsin yanıma, ona sübut edim ki, çəkdiyi serialda dramaturji xətt yoxdur. Seraillarda hər hansı qayənin aşılanmasına rast gəlmək olmur. Bir serial var ki, onun birinci hissəsi ilə dördüncü hissəsi uyğun gəlmir. Seriyalar arasında ardıcıllıq yoxdur, onlar heç nəyə xidmət etmirlər. Ekran əsərində əsas məsələ dramaturji xəttin olmasıdır. Elə seriallar var ki, beş seriya sonra nəyin olacağını rejissorun özü də bilmir. Hər hansı meyxanaçını filmə çəkməklə mövzu ortaya qoymaq olmaz. Tərbiyəvi dəyərlər aşılanmır. Təkcə, Rövşən İsaqın səhnələşdirdiyi ssenarilərdə serialabənzərlik var. Məsələn, "Çaqqal nəfəsi", "İqlimlər" serialları film adına biabırçılıqdır. Televiziyaların hamısı yaxşı məhsul ortaya qoya bilmirlər. "Aramızda qalsın", "Qaynana", "Bacanaqlar" normal çəkilib, buna bənzər seriallar bütün dünyada var. Elə seriallar var ki, guya hər hansı bir ciddi kriminal hadisəni qabartmaq istəyir, amma biabırçılıq ortaya qoyur".
Haşiyə: "Anamı qatardan necə ata bilərəm?" filmində deyildiyi kimi, günahkarlar heç vaxt yaşlanmaz...
Ömər Zamin