Daşkənddə görkəmli şair, dramaturq və ədəbiyyatşünas Maqsud Şeyxzadənin 105 illiyi münasibətilə tədbir keçirilib

Daşkənddə görkəmli şair, dramaturq və ədəbiyyatşünas, Azərbaycan və özbək xalqının böyük oğlu Maqsud Şeyxzadənin 105 illiyi münasibətilə tədbir keçirilib. Tədbir Özbəkistan Yazıçılar İttifaqı, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. 
Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, tanınmış alimlər, şair və yazıçılar, universitetin professor-müəllim heyəti, tələbələr Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Daşkənd Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı İnamcon Azimov Maqsud Şeyxzadənin özbək ədəbiyyatındakı yeri və mövqeyi haqqında məruzə etmişdir. O çıxışında Azərbaycan və özbək xalqlarının böyük oğlu M.Şeyxzadənin ömrünün əsas hissəsini indiki Nizami adına Pedaqoji Universitetdə elmi fəaliyyətə həsr etməsi və onun əsərlərinin Özbəkistanda məşhurlaşması haqqında danışmışdır. O, XX əsr özbək ədəbiyyatının klassikləri sırasında Maqsud Şeyxzadənin də adının fəxrlə çəkildiyini bildirib.  Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov "Maqsud Şeyxzadə - Azərbaycan-Özbəkistan dostluğu timsalında" adlı məruzə ilə çıxış etmişdir. O, Şeyxzadəni iki xalqın böyük oğlu adlandırmışdır. S.Abbasov Maqsud Şeyxzadə kimi şəxslərin fəaliyyətinin Özbəkistan-Azərbaycan dostluğunun möhkəmlənməsində xüsusi əhəmiyyət daşıdığını bildirib. M.Şeyzadənin yaradıcılığının Azərbaycanın tanınmış şairi Xəlil Rza Ulutürk tərəfindən araşdırıldığını və alimin yaradıcılığı haqqında monoqrafiya yazdığını bildirib. Natiq Azərbaycan dövləti tərəfindən Maqsud Şeyxzadənin adının əbədiləşdirildiyini, onun doğulduğu Ağdaş rayonunda internat məktəbinə və küçəyə M.Şeyxzadənin adınin verildiyini qeyd edib. Qeyd edək ki, Maqsud Şeyxzadə ölümündən sonra Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanı ilə "Böyük xidmətlərə görə" ordeni ilə təltif edilib. Universitetin prorektoru Odina Jamoldinova, professorlar Maruba Mirkasimova, Naim Karimov və başqaları böyük yazıçının həyat və fəaliyyəti haqqında danışmış, onu özbək ədəbiyyatının klassiki adlandırmışlar. Ədibin tələbəsi olmuş professor Həmidcon Həmidi müəllimi haqqında xatirələrini söyləyib. Tələbələr ədibin dram əsərlərindən Azərbaycan və özbək dillərində parçalar ifa etmiş, böyük yazıçı haqqında çəkilmiş sənədli filmdən epizodlar nümayiş etdirilib. Qeyd edək ki, 1928-ci ildə keçmiş Sovet rejimi tərəfindən Daşkəndə sürgün olunan soydaşımız ömrünün axırınadək burada yaşamışdır. Ədibin "Cəlaləddin Manquberdi", "Mirzə Uluqbəy" faciələri, "Daşkəndnamə", "Ağsaqqal" kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Daşkənddə onun altıcildlik seçilmiş əsərləri çap olunub. Maqsud Şeyxzadə Nizami, Füzuli, M.F.Axundzadə, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza kimi Azərbaycan klassiklərinin əsərlərini özbək dilinə tərcümə etmişdir. Özbəkistanın Xalq Yazıçısı Şükrulla M.Şeyxzadəni "Özbək ədəbiyyatının Şekspiri" adlandırıb. Ədibin 100 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd olunub. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31