Beynəlxalq Kitab Sərgisi işə başlayıb
5 Noyabr 2013 17:33 MədəniyyətBakıda 32-ci İstanbul Beynəlxalq Kitab Sərgisi işə başlayıb. TÜYAP sərgi və konqres mərkəzində gerçəkləşən kitab bayramına Türkiyədən və dünyanın bir çox ölkələrindən 700-dək nəşriyyat qatılıb. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Sərgi çərçivəsində "Sözün iki qanadı - Məhsəti Gəncəvi, Nigar Rəfibəyli" mövzusunda elmi, ədəbi-bədii tədbir keçirilib. Görkəmli şairə, mütəfəkkir M.Gəncəvinin 900 illiyi və XX əsr poeziyamızın tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq keçirilən tədbirdə rəsmilər, millət vəkilləri, ədəbiyyat, mədəniyyət xadimləri iştirak ediblər. Millət vəkili, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynovun aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Qənirə Paşayeva, ölkəmizin İstanbul şəhərindəki baş konsulu Həsən Zeynalov çıxış edərək M.Gəncəvi və N.Rəfibəylinin həyat və yaradıcılığından söz açıblar, Azərbaycan Prezidentinin sərəncamları ilə hər iki şairənin yubileylərinin ölkə miqyasında və beynəlxalq səviyyədə geniş qeyd olunduğunu diqqətə çatdırıblar. Qeyd edək ki, 32-ci İstanbul Beynəlxalq Kitab Sərgisi noyabrın 10-dək davam edəcək("OLAYLAR" İA).