Mənsum İbrahimov favoritini niyə açıqlamadı?
5 Noyabr 2013 14:45 Mədəniyyət"Noyabr 6-da dördüncü muğam müsabiqəsinin final gecəsi keçiriləcək. Qalib olmaq urğunda 7 namizəd mübarizə aparır. Münsiflər heyəti sabah müsabiqənin davam etdiyi müddətdə iştirakçıların çıxışlarını müzakirə edərək rəy verəcəklər". Bu sözləri "OLAYLAR"a açıqlamasında Xalq Artisti Mənsum İbrahimov deyib. Öz namizədini açıqlamayan xanəndə birinci, ikinci olmasından asılı olmayaraq müsabiqədə iştirak edənlərin ən böyük uğurunun xalq tərəfindən tanınması olduğunu deyib : "Öncədən bu haqda danışmağım düz olmaz. Sabah kimin qalib olması ilə bağlı münsiflər heyəti olaraq müzakirə edib son qərarımızı verəcəyik. Məncə bu müsabiqədə kimin birinci, ikinci olması rol oynamır. Əsas odur ki, onlar xalqımız tərəfindən tanındı. Yeni səsləri kəşf edərək xalqımıza təqdim etdik. Bütün bunlar muğamımız üçün böyük bayramdı. Onların gələcək inkişafları isə özlərindən asılıdı. Kim üzərində daha çox çalışacaqsa, əlbətdə ki o rəğbətlə qarşılanacaq".
Xanəndə dekabrda simfonik muğam layihəsi çərçivəsində Latviyaya yola düşəcəklərini deyib: "Dekabrda simfonik muğam layihəsi çərçivəsində maestro, xalq artisti Yalçın Adıgözəlov, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədovla Latviyada konsert verəcəyik. Konsertdən əvvəl Latviyanın bir sıra mötəbər şəxslərinin təklifi ilə simfonik muğam layihəsi çərçivəsində olan konsertləri disk formasında da təqdim edəcəyik".